Əshabi Kəhf mağarası Naxçıvanda yerləşirmi?
Va aleykum Salam.
1. Əshabi Kəhf mağarasının harada olması ilə bağlı tarixi mənbələrdə dəqiq məlumat verilməyib. Dünyada Əshabi Kəhf mağarası olduğu iddia edilən bir çox yerlər var. Mağaranın yeri dəqiq bilinməsə də, Uca Allah əl-Kəhf surəsində həmin mağaraya sığınan gənclərin başına gələnlər haqqında ayələr nazil edib. Daha ətraflı:
Kəhf surəsinin nazil olma səbəbi və 18-ci ayəsinin təfsiri haqqında
Kəhf surəsini hər cümə günü oxumağa savab yazılır?
2. Xızırın (Allah ona salamı olsun) Azərbaycanda yaşaması iddiası da əsassızdır. Xızır İsrail oğullarından olub və Quranda Xızırla Musanın (Allahın ona salamı olsun) əhvalatı barədə bəzi ayələr nazil edilib: "Bir zaman Musa öz xidmətçisinə belə demişdi: "Mən iki dənizin qovuşduğu yerə çatana qədər yaxud uzun illər sərf edənə qədər səfərimə davam edəcəyəm". Hər ikisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda özləri ilə götürdükləri balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi. Onlar dənizlərin qovuşduğu yerdən çıxıb getdikdə Musa öz xidmətçisinə: "Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük"– dedi. Xidmətçi dedi: "Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib qəribə bir şəkildə dənizdə yol tutub getmişdir". Musa: "Elə istədiyimiz də bu idi!"– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar. Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər. Musa ona dedi: "Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?" Xızır dedi: "Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən. Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbir edə bilərsən?" Musa dedi: "İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam". Xızır dedi: "Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma". Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: "Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, günahı böyük olan bir iş gördün". Xızır dedi: "Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?" Musa dedi: "Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!" Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: "Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun". Xızır dedi: "Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?" Musa dedi: "Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın". Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. Xızır onu düzəltdi. Musa dedi: "Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın". Xızır dedi: "Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm. Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi. Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq. Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad versin. Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!" (əl-Kəhf, 60-82).