Kəhf surəsinin nazil olma səbəbi və 18-ci ayəsinin təfsiri haqqında
Aleykum salam. əl-Kəhf surəsi Məkkədə nazil olmuşdur və yüz on ayədən ibarətdir. Bu surə hikmətlərlə dolu bir neçə hekayəni bəyan edir. Bunlardan birisi "Əshabi Kəhf"in hekayəsidir. "Kəhf" sözü "mağara" deməkdir. "Əshabı Kəhf" isə "Mağaraya sığınanlar", "Mağara sahibləri" mənasına gəlir. Surə adını da buradan almışdır. Məşhur təfsir kitablarında "Əshabı Kəhf"in kimlər olduqarı, nə üçün oraya girdikləri və orada nə qədər qaldıqları kimi xüsuslar ətraflı bəyan edilib. Bu surəsinin nazil olma səbəbi haqqında Tabəri belə demişdir: "İbn Abbas (radıyəllahu anhumə) rəvayət edir ki, Qureyşlilər adamlarından olan ən-Nadr ibn əl-Hərisi və Uqbə ibn Əbi Muayyatı Mədinədə olan yəhudi rahiblərinin yanına göndərir və onlara deyir ki, yəhudi rahiblərindən Məhəmməd peyğəmbər haqqında soruşun, onun sifətlərini onlara vəsf edin və onlara peyğəmbərin bu sözünü xəbər verin ki, həqiqətən siz Əhli Kitabın birincilərisiniz və peyğəmbərlər haqqında sizdə olan elm bizdə yoxdur. Yəhudi rahibləri də onlara, Rəsulullahdan (salləllahu aleyhi səlləm) Əshabı Kəhfi, dünyanı gəzib dolaşan Zülqərneyni, Ruhun nə olduğunu soruşmalarını, bunlara cavab verərsə haqq peyğəmbər olduğunu, verməzsə yalançı olduğunu və söylədiklərini öz başından uydurmuş olacağını söyləmişdirlər. Həmin Qüreyşlilər də Məkkəyə dönmüş və Rəsulullaha bu sualları vermişdirlər. Rəsulullah da onlara sabah cavab verəcəyini vəd etmişdir. Ancaq həmin ərəfələrdə vəhyin enməsinə ara verilmiş, on beş gecə vəhy gəlməmiş, bunun üzərinə Məkkəlilər də insanlara Rəsulullah barəsində pis təbliğat aparmağa başlamışdırlar. Nəhayət vəhyin daşıyıcı olan mələk Cəbrayıl (aleyhi-s-sələm) Kəhf surəsini gətirmiş, bu surədə Əshabı Kəhf və Zülqərneyn haqqında hekayələr xəbər verilmişdir. Ruh haqqında isə bu ayə nazil olmuşdur: "Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir". (əl-İsra, 85). (Təfsir ət-Tabəri).
Surənin 18-ci ayəsində deyilir: "Sən elə bilərdin ki, onlar oyaqdırlar, halbuki onlar yatmışdılar. Biz onları gah sağ böyürü, gah da sol böyürü üstə çevirirdik. Onların iti girəcəyin önündə, ayağını uzadaraq uzanmışdı. Onlara baxsaydın, tez qoyub qaçar və vahiməyə düşərdin". (əl-Kəhf, 18).
Ayənin təfsirində belə deyilir: "Quran təfsirçiləri qeyd etmişlər ki, yatanların gözləri açıq saxlanmışdı ki, uzun müddətli yuxudan onların görmə qabiliyyəti zədələnməsin və əgər insan onları bu vəziyyətdə görsəydi, o, elə hesab edərdi ki, onlar oyaqdırlar, halbuki əslində onlar dərin yuxuya getmişdilər. Onlar bir böyürləri üstündən digərinə çevrilirdilər və bu onu təsdiq edirdi ki, Uca Allah onların bədəninin qayğısını çəkirdi. Torpaq öz adəti üzrə ona toxunan bədənləri yeyir və buna görə Allah yeniyetmələrin bədənlərinə bir böyürdən digəri üstə çevrilməyi əmr etmişdi. O, onların bədənlərini böyür üstə çevrilmədən belə çürümədən qoruya bilərdi, lakin Uca Allah istəmişdi ki, Kainat qanunları pozulmasın və bu qəribə hadisələr müvafiq səbəblərə uyğun olaraq baş versin. Bir-neçə gənclə bərabər bir it də var idi və onların mağaraya girişini mühafizə edirdi və o da dərin yuxuya verilmişdi. Lakin Uca Allah yatan yeniyetmələrin bədənlərini təkcə təbiət hadisələrindən deyil, canlı insanlardan da qoruyurdu. Əgər insanlar onlara yaxınlaşsaydılar, onların qəlbini dəhşətli bir qorxu bürüyərdi və onlar oradan qaçıb uzaqlaşardılar. Bu himayə sayəsində yeniyetmələr mağarada uzun bir vaxt ərzində yatdılar və mağaranın şəhərə bilavasitə yaxın olmasına baxmayaraq heç bir adam onları orada tapmadı. Bunu təsdiq edən faktlardan biri, yuxudan oyandıqdan sonra gənclər özlərindən bir nəfəri şəhərə ərzaq almaq dalınca göndərdilər və özləri isə mağarada onun qayıtmasını gözlədilər. Bu addım özünü mağaranın şəhərə yaxın olması ilə doğrulda bilər". (Təfsir əs-Sə'di).