عَنْ أَبِى سَعِيدٍ عَنِ النَّبِىِّ ﷺ قَالَ «كَانَ فِى بَنِى إِسْرَائِيلَ رَجُلٌ قَتَلَ تِسْعَةً وَتِسْعِينَ إِنْسَانًا ثُمَّ خَرَجَ يَسْأَلُ، فَأَتَى رَاهِبًا فَسَأَلَهُ، فَقَالَ لَهُ هَلْ مِنْ تَوْبَةٍ قَالَ لاَ. فَقَتَلَهُ، فَجَعَلَ يَسْأَلُ، فَقَالَ لَهُ رَجُلٌ ائْتِ قَرْيَةَ كَذَا وَكَذَا. فَأَدْرَكَهُ الْمَوْتُ فَنَاءَ بِصَدْرِهِ نَحْوَهَا، فَاخْتَصَمَتْ فِيهِ مَلاَئِكَةُ الرَّحْمَةِ وَمَلاَئِكَةُ الْعَذَابِ، فَأَوْحَى اللَّهُ إِلَى هَذِهِ أَنْ تَقَرَّبِى. وَأَوْحَى اللَّهُ إِلَى هَذِهِ أَنْ تَبَاعَدِى. وَقَالَ قِيسُوا مَا بَيْنَهُمَا. فَوُجِدَ إِلَى هَذِهِ أَقْرَبُ بِشِبْرٍ، فَغُفِرَ لَهُ»
Əbu Səid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “İsrail oğullarından biri doxsan doqquz adam öldürmüşdü. Bundan sonra o, bir rahibin yanına gəlib (günahını etiraf etdi) və ondan: “Tövbə (etsəm, qəbul) olarmı?”- deyə soruşdu. Rahib: “Xeyr!”- dedikdə, bu adam onu da öldürdü. Sonra o, (sualına cavab tapmaq üçün) soruşmağına davam etdi. (Axırda elmli) bir adam ona dedi: “Get filan kəndə!” Yolda ölüm onu haqladı və o, ölərkən sinəsini həmin kəndə doğru çevirdi. Bu vaxt rəhmət mələkləri ilə əzab mələkləri ona görə öz aralarında çəkişməyə başladılar. Allah yerin bu tərəfinə: “Yaxınlaş!”, o tərəfinə[1] isə: “Uzaqlaş”- deyə vəyh etdi. Sonra da (mələklərə): “Bunların[2] arasındakı məsafəni ölçün!”- deyə buyurdu. (Məsafə ölçüldükdən sonra) bu adamın o kəndə bir qarış daha yaxın olduğu bəlli oldu və Allah onu bağışladı”.[3]
[1] Hədisdə “bu tərəf” deyildikdə onun getdiyi kənd-əməlisaleh insanların yaşadığı yer, “o tərəf” deyildikdə isə yaşadığı və günah işlətdiyi yer nəzərdə tutulur.
[2] Burada onun əməlisaleh insanların yaşadığı kənddən və günah işlətdiyi diyarından hansı birinə daha yaxın olduğunu ölçmək qəsd edilir.
[3] əl-Buxari, 3211, 3283, 3470. Digər qüdsi olmayan rəvayətdə deyilir: “...Sonra dünyada ən çox bilənin kim olduğunu soruşdu və ona bir alimi göstərdilər. Onun yanına gəlib dedi: “Mən yüz adam öldürmüşəm” və soruşdu ki, “buna tövbə varmı?” O dedi: “Bəli! Kim tövbə edənlə tövbəsi arasına girə (tövbə edənə mane ola) bilər? İnsanların Uca Allaha ibadət etdikləri (filan) yerə get, onlarla birgə Allaha ibadət elə və öz torpağına qayıtma, çünki ora pis yerdir”. O yola düşüb yolun yarısına çatmışdı ki, ölüm onu haqladı. Onun üçün rəhmət və əzab mələkləri öz aralarında mübahisə etməli oldular. Rəhmət mələkləri dedilər: “O tövbə edərək qəlbi ilə Uca Allaha tərəf (doğru) gəlmişdir!” Əzab mələkləri isə dedilər: “O həqiqətən heç bir xeyir iş görməmişdir”. Onların yanına insan qiyafəsində bir mələk gəldi. Onu öz aralarında hakim təyin etdilər. O dedi: “Bu iki (gəldiyi yerdən bura və buradan gedəcəyi yerə qədər) məsafəni ölçün, hansına yaxın olarsa, ora da aiddir”. Ölçdükdə gördülər ki, gedəcəyi yerə yaxındır və onu (onun ruhunu) rəhmət mələkləri aldılar”. (Muslim, 4967).