Məzlumun duasından qəbuldur
Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Bir dəfə biz Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedik: “Ey Allahın Elçisi! Səni gördükdə qəlblərimiz yumşalır və Axirət yurdunun sakinlərindən oluruq. Səndən ayrıldıqda isə, başımız arvadlarımıza və övladlarımıza qarışır və dünyaya meyl edirik”. Peyğəmbər (ona vəı Ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Əgər siz həmişə mənim yanımda olduğunuz halda olsaydınız, mələklər sizə əl tutaraq salam verərdilər və sizi evinizdə ziyarət edərdilər. Əgər siz günah etməsəydiniz, Allah (yerinizə) yeni məxluq gətirər, onlar günah edər, Allah da onları bağışlayardı”. Biz dedik: “Ey Allahın Elçisi! Bizə Cənnətdən danış! Orada olan evlər nədən düzəldilib?” O cavab verdi: “Bir kərpic qızıldan, bir kərpic gümüşdən. Onun (divarlarının) malası xoş ətirli müşkdəndir. Onun çınqılları mirvaridən və yaqutdan, torpağı isə zəfərandandır. Ora daxil olan nemət içində olar və əziyyət görməz, (orada) əbədi qalar və ölməz, libası köhnəlməz və qocalmaz”. Sonra dedi: “Üç adamın duası rədd olunmaz; ədalətli rəhbərin duası, oruc tutanın iftar edənə qədər etdiyi dua və zülmə məruz qalanın duası. Allah o duanı buludların üzərinə yüksəldir, səma qapıları onun üçün açılır və Uca Rəbb buyurur: “İzzətimə and olsun ki, bir müddət keçsə belə, Mən sənə mütləq kömək edəcəyəm”.
Əhməd, 8030; İbn Hibban, 7387; ət-Tabərani “Mucəmul-Kəbir” 3630. Hədis səhih li-ğeyrihidir. Bax; Mişkətul-Məsabih, 5630; Səhih əl-Cami, 117.