"Allah filankəsi bağışlamayacaq" - hədisi
Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - belə buyurduğunu eşitdim: “İsrail oğullarının arasında bir-biri ilə qardaş olmuş iki nəfər var idi. Onlardan biri günah edərdi, digəri isə ibadətdə çalışqan idi. İbadətdə çalışqan olan daim digərini günah edərkən görər və (hər dəfə ona): “Tərk et!”- deyərdi. Bir gün onu yenidən günah edərkən görüb ona: “Tərk et!”- dedi. O da: “Məni Rəbbimlə tək burax! Məgər sən mənim üzərimə gözətçi göndərilmisən?”- deyə cavab verdi. (İbadətdə çalışqan olan) dedi: “Allaha and olsun ki, Allah səni bağışlamayacaq!”, və ya “Allah səni Cənnətə salmayacaq!” Bu zaman (mələk) onların ruhlarını alıb aləmlərin Rəbbinin hüzuruna gətirdi. Allah ibadətdə çalışqan olana buyurdu: “Sən Məni tanıyırdınmı?”, və ya “sən Mənim Əlimdə olana sahib idinmi?” Allah günahkar olana buyurdu: “Rəhmətim sayəsində get və Cənnətə daxil ol”, ibadətdə çalışqan olan haqqında isə buyurur: “Onu Cəhənnəmə aparın!” Əbu Hureyra (Allah ondan razı olsun) dedi: “Nəfsim əlində Olana and olsun ki, o bir söz söylədi, onunla dünyası da, Axirəti də məhv oldu”.[1]
Cundəb (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Bir adam dedi: “Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq!” Uca Allah belə buyurdu: “Mənim filankəsi bağışlamayacağıma and içən kimdir? Həqiqətən, Mən onu bağışladım və sənin əməlini də boşa çıxartdım!”[2] Digər rəvayətdə isə deyilir: “...Bu bir günahdır. Odur ki, yenidən əməl etməyə başlasın”.[3]