Musanın ölüm mələyi ilə qarşılaşması
Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Ölüm mələyi Musanın yanına göndərildi. Mələk Musanın yanına gəldikdə Musa onu vurdu (və onun gözü çıxdı). Mələk Rəbbinin yanına qayıdıb dedi: “Sən məni ölmək istəməyən bir bəndənin yanına göndərdin”. Allah onun gözünü yerinə qaytardı və buyurdu: “Qayıt ona de ki: “Əlini öküzün belinə qoysun. Əlinə gələn tüklərin sayı qədər hər bir tükün müqabilində bir il ömrü artacaq”. Musa dedi: “Ey Rəbbim! Sonra nə olacaq?” Allah buyurdu: “Sonra öləcəksən”. Musa dedi: “Elə isə indi (ölmək istəyirəm)”. Sonra da Allahdan onu atılmış bir daşın uçub düşdüyü məsafə qədər müqəddəs torpağa yaxınlaşdırmasını dilədi”. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - dedi: “Əgər orada olsaydım, sizə onun yolun kənarında, qırmızı qum təpəsinin yanında (yerləşən) qəbrini göstərərdim”.[1]