Qiyamət günü insanın əzalarının şahidlik etməsi
Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Soruşdular: “Ey Allahın Elçisi, Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Allah Elçisi - salləllahu aleyhi və səlləm - soruşdu: “Məgər günorta, (günün qabağını) bulud örtmədiyi bir vaxtda günəşi görməyinizə nə isə mane olurmu?” Onlar: “Xeyr”- dedilər. O soruşdu: “Məgər sizə on dördüncü gecədə, (ayın qabağını) bulud örtmədiyi bir vaxtda ayı görməyinizə nə isə mane olurmu?” Onlar: “Xeyr”- dedilər. O buyurdu: “Nəfsim Əlində olan Allaha and olsun ki, onlardan birini görməyə sizə heç bir şey mane olmadığı kimi Rəbbinizi də görməyə bir şey mane olmayacaq. Qiyamət günü Allah bir qul ilə görüşəcək və ondan soruşacaq: “Ey filankəs, Mən səni (başqalarından) üstün etmədimmi? Sənə hakimiyyət vermədimmi? Sənə evlilik nəsib etmədimmi? At və dəvəni sənin ixtiyarına vermədimmi? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan[1] başçı təyin etmədimmi?” Qul: “Bəli”- deyə cavab verəcək. Allah soruşacaq: “Mənimlə görüşəcəyini bilirdin?” Qul: “Xeyr”- deyə cavab verəcək. Allah buyuracaq: “Məni unutduğun kimi, Mən də səni unuduram”.[2] Sonra ikinci bir qul ilə görüşəcək və ondan soruşacaq: “Ey filankəs, Mən səni (başqalarından) üstün etmədim? Sənə hakimiyyət vermədim? Sənə evlilik nəsib etmədim? At və dəvəni sənin ixtiyarına vermədim? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan başçı təyin etmədimmi?” Qul: “Bəli”- deyə cavab verəcək. Allah soruşacaq: “Mənimlə görüşəcəyini bilirdin?” Qul: “Xeyr”- deyə cavab verəcək. Allah buyuracaq: “Məni unutduğun kimi, Mən də səni unuduram”. Sonra Allah üçüncü bir qul ilə görüşəcək və əvvəlkilərə dediklərini ona da söyləyəcəkdir. Qul: “Ey Rəbbim! Mən Sənə, Kitabına və Peyğəmbərlərinə iman etdim, namaz qıldım, oruc tutdum, sədəqə (zəkat) verdim”- deyəcək və bacardığı qədər yaxşılıqlarını sadalayacaqdır. Allah ona deyəcək: “Elə isə sən dur!” Sonra ona deyiləcək: “İndi sənin əleyhinə şahidimizi göndəririk”. O öz-özlüyündə fikirləşəcək: “Görəsən kim mənim əleyhimə şahidlik edəcək?!” Bu zaman onun ağzına möhür vurulacaq. Buduna, ətinə və sümüklərinə: “Danışın!”- deyiləcək. Budu, əti və sümükləri də onun əməlləri haqqında danışacaq. Bu söylədikləri özünə üzrxahlıq qazanması üçündür. Bu, münafiqdir, bu, Allahın qəzəbinə düçar olan kimsədir!”[3]
Ənəs ibn Məlik (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) Allah Elçisinin - salləllahu aleyhi və səlləm - yanında olarkən o güldü və dedi: “Nəyə güldüyümü bilirsinizmi?” Biz: “Allah və Onun Elçisi daha yaxşı bilir!”- dedik. Allah Elçisi - salləllahu aleyhi və səlləm - buyurdu: “Bir qulun Rəbbinə belə müraciət etməsinə (gülürəm). Qul deyəcək: “Ey Rəbbim, Məni zülmdən qorumadınmı?” Allah buyuracaq: “Bəli”. Qul deyəcək: “Bu gün mən əleyhimə özümdən başqa[4] şahid qəbul etmirəm”. Allah buyuracaq: “Bu gün sənin öz əleyhinə şahidliyin və “Kiramən-Kətibin”in (əməlləri yazan mələklərin) də sənin əleyhinə şahidlik etmələri yetər”. Allah Elçisi salləllahu aleyhi və səlləm buyurdu: “Bundan sonra onun ağzı möhürlənəcək və əzalarına: “Danışın!”- deyiləcək. Əzaları da onun əməlləri haqqında danışacaqlar. Sonra ona (əzaları ilə) danışmasına icazə veriləcək və o, əzalarına deyəcək: “Rədd olun! Mən sizi müdafiə edirdim!”[5]