"Göylər Onun Əli ilə büküləcəkdir"- ayəsi haqda
İbn Ömər (Allah ondan razı olsun) demişdir: “Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - minbərin üzərində bu ayəni oxudu: “Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır” (əz-Zumər, 67). Allah Elçisi - salləllahu aleyhi və səlləm - bu ayəni oxuyarkən əlini (yumruğunu) silkələyərək dedi: “Rəbb Özünü öyərək buyurur: “Mənəm Qadir (əl-Cəbbar), Mənəm Məğrur (əl-Mutəkəbbir), Mənəm Hökmdar (əl-Məlik), Mənəm Qüdrətli (əl-Əziz), Mənəm Səxavətli (əl-Kərim)”. Bu sözləri deyərkən minbər elə silkələndi ki, biz onun yıxılacağını güman etdik”.[1]
Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə Kitab əhlinin) baş keşişlərindən biri Peyğəmbərin - salləllahu aleyhi və səlləm - yanına gəlib dedi: “Ey Muhəmməd! Bizim bildiyimizə görə, Allah göyləri bir Barmağına, yerləri o biri Barmağına, ağacları digər bir Barmağına, suyu və torpağı bir başqa Barmağına, yerdə qalan məxluqatı da (yenə) başqa bir Barmağına yerləşdirmiş və: “Hökmdar Mənəm!”– deyə buyurmuşdur”. (Bunu eşidəndə) Peyğəmbər - salləllahu aleyhi və səlləm - (bu alimin) sözünü təsdiqləmək məqsədilə dişləri görünənədək güldü. Sonra da bu ayəni oxudu: “Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun sağ Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır” (əz-Zumər, 67)”.[2]
Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - belə dediyini eşitmişəm: “Allah yeri (bütünlüklə) Ovcuna alacaq, göyləri də sağ Əli ilə bükəcək, sonra da belə buyuracaq: “Mənəm Hökmdar! Hanı yer üzünün hökmdarları?!”[3]
Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi - salləllahu aleyhi və səlləm - buyurdu: “Qiyamət günü Uca Allah göyləri bükəcək, sonra onları sağ Əlinə götürəcək və deyəcək: “Mənəm Hökmdar. Hardadır lovğalar, hardadır təkəbbürlülər?!” Sonra sol Əli ilə yerləri bükəcək və deyəcək: “Mənəm Hökmdar! Hardadır lovğalar, hardadır təkəbbürlülər?!”[4]