Cənnətdə ən aşağı və ən yuxarı məqamda olanlar
Muğira ibn Şubə[1] (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Musa Rəbbindən: “Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olan kimdir?”- deyə soruşdu. Allah buyurdu: “Cənnət əhli Cənnətə daxil olduqdan sonra bir kişi gələcək və ona: “Cənnətə daxil ol!”- deyiləcək. O da: “Ey Rəbb! Necə daxil olum ki, artıq insanlar daxil olub yerlərini tutmuş və alacaqlarını da almışlar”- deyə cavab verəcək. Ona: “Dünya hökmdarlarından birinin mülkü qədər mülkünün olmasını istərdinmi?”- deyiləcək. O da: “İstərdim, ey Rəbb!”- deyə cavab verəcək. Allah ona: “İstədiyin və bir o qədər də, bir o qədər də, bir o qədər də, bir o qədər də sənindir”- buyuracaq, beşincidə: “Razı qaldım, ey Rəbb!”- deyəcək. Allah: “Bu və üstəlik on misli qədər də sənindir. Həmçinin nəfsinin istədiyi və gözünə xoş gələn hər şey sənindir”- deyə buyuracaq. O: “Razı qaldım, ey Rəbb!”- deyə cavab verəcək. Musa (ona salam olsun): “Ey Rəbb! Bəs onlardan ən yüksək mərtəbəyə sahib olanlar kimdir?”- deyə soruşdu. Allah buyurdu: “Onlar Mənim seçdiyim, Öz Əlimlə kəramət məqamına yüksəltdiyim və kəramətlərinin dəyişməyəcəyinə hökm verdiyim kəslərdir. Onlar üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşər övladının ağlına belə gətirmədiyi nemətlər hazırladım”. Uca Allahın Kitabında bunun təsdiqi: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (əs-Səcdə, 17) - ayəsidir”.[2]
Həmmam ibn Münəbbih[3] (Allah ona rəhm etsin): “Bu, Əbu Hureyranın (Allah ondan razı olsun) Allah Elçisindən- salləllahu aleyhi və səlləm - bizə rəvayət etdikləridir”– demiş və bir çox hədislər zikr etmişdir. Onlardan biri budur: “Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Hər hansı birinizin Cənnətdəki ən aşağı məqamı ona: “(Nə diləyirsən,) dilə!”– deyilməsidir. O da (istədiyini) diləyəcək. Sonra ona: “Dilədinmi?”– deyiləcək. O: “Bəli!”– deyə cavab verdikdə ona: “İstədiklərin və bir o qədəri də sənindir”- deyiləcək”.[4] Başqa rəvayətdə bu əlavələr vardır: “…(Allah o adama): “Bunları da istə!”- deyə xatırladacaq. İstədikləri qurtardıqdan sonra Allah: “İstədiklərinin hamısı və onların on misli də sənindir!”- deyəcək. Allah Elçisi salləllahu aleyhi və səlləm buyurdu: “Sonra adam (Cənnətdəki) evinə girəcək və yanına iri gözlü hurilərdən olan iki zövcəsi daxil olub deyəcəklər: “Səni bizim üçün və bizi də sənin üçün dirildən Allaha həmd olsun!” Həmin adam deyəcək: “Mənə verilən qədər (nemət) heç bir kəsə verilməmişdir”.[5]