Allahın Cənnət əhlindən razı olması
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Allah Cənnət əhlinə buyuracaq: “Ey Cənnət əhli!” Onlar: “Buyur, ey Rəbbimiz, əmrinə müntəzirik!”- deyə cavab verəcəklər. Allah soruşacaq: “Razı qaldınızmı?” Onlar deyəcəklər: “Bizə nə olub ki, razı qalmayaq?! Axı Sən bizə, yaratdıqlarından heç kəsə vermədiyin nemətləri bəxş etmisən!” Allah buyuracaq: “Mən sizə bundan da yaxşısını verəcəyəm!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bundan yaxşı nə ola bilər ki?” Allah buyuracaq: “Mən Öz rizamı sizə halal edirəm və bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq”.[1]
Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Allah Cənnət əhlini Cənnətə saldıqdan sonra onlara buyuracaq: “Artırmağımı istədiyiniz bir şey varmı?” Onlar deyəcəklər: “Xeyr, ey Rəbbimiz! Sənin bizə verdiyindən üstün nə ola bilər?!” Allah buyuracaq: “Mənim rizam daha böyükdür!”[2]