Uhud döyüşündə nazil olan mürgü - Ali-İmran surəsi 154 - cü ayə
“Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir”.
Rəvayət edilir ki, Əbu Təlhə (Allah ondan razı olsun) demişdir: “Uhud döyüşü günü başımı qaldırıb baxdım və o gün mürgüləməkdən (səhabələrdən) hər kəsin qalxanının altında yelləndiyini gördüm. Uca Allah da həmin hadisə ilə bağlı bu ayəni nazil etdi: “Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi...” (Ali-İmran, 154)”.
ət-Tirmizi, 3007, 3277; əl-Hakim, 3164. ət-Tirmizi, əl-Albani və əz-Zəhəbi səhih olduğunu bildirmişlər.
قال الزبير لقد رأيتني مع رسول الله صلى الله عليه وعلى آله وسلم يوم أحد حين اشتد علينا الخوف وأرسل علينا النوم فما منا أحد إلا وذقنه -أو قال ذقنه- في صدره فوالله إني لأسمع كالحلم قول معتب بن قشير لَوْ كَانَ لَنَا مِنَ الْأَمْرِ شَيْءٌ مَا قُتِلْنَا هَاهُنَا. فحفظتها فأنزل الله تبارك وتعالى في ذلك {ثُمَّ أَنْزَلَ عَلَيْكُمْ مِنْ بَعْدِ الْغَمِّ أَمَنَةً نُعَاسًا} - إلى قوله - {مَا قُتِلْنَا هَاهُنَا} - لقول معتب بن قشير
Rəvayət edilir ki, Zubeyr (Allah ondan razı olsun) demişdir: “Uhud döyüşü günü Allah Elçisi ilə - salləllahu aleyhi və səlləm - bir yerdə idik. Bizdə ölüm qorxusu artan zaman Uca Allah bizə bir mürgü göndərdi və hamımız çənəsi sinəsinə düşmüş vəziyyətdə mürgüləməyə başladıq. Allaha and olsun ki, mən Mutəb ibn Quşeyrin: “Əgər bu işdə bizim üçün bir şey olsaydı, elə buradaca öldürülməzdik!”- dediyini yuxu kimi eşidirdim. Mən onun dediklərini əzbərlədim. Sonra isə Uca Allah bu ayəni nazil etdi: “Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər…”. (Ali-İmran, 154)”.
İbn Həcər “Mətalibul-Aliyə” 4/219; ət-Tabəri “Cəmiul-Bəyən” 4/94; İbn Əbu Hatim “Təfsir” 1697; əl-Beyhəqi “Dələilun-Nubuvvə” 3/273; Əbu Nueym “Dələilun-Nubuvvə” 421. Şeyx Muqbil, Ali Nəsr və əl-Hilali həsən olduğunu bildirmişlər.