Təyəmmüm ayəsinin nazil olduğu hadisə haqda - əl-Maidə surəsi 6 - cı ayə
“Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz”
Rəvayət edilir ki, Peğəmbərin – salləllahu aleyhi və səlləm - zövcəsi Aişə (Allah ondan razı olsun) demişdir: “Biz Allah Elçisi ilə – salləllahu aleyhi və səlləm - birlikdə səfərə çıxdıq. Nəhayət, Beyda və ya Zətul Ceyş deyilən yerə çatdıqda boyunbağım qırılıb yerə düşdü. Allah Elçisi – salləllahu aleyhi və səlləm - dayanıb onu axtarmağa başladı. Onun yanında olanlar da dayanmağa məcbur oldular. Ətrafda su olmadığından əshabələrdən bəziləri Əbu Bəkr əs-Siddiqin yanına gəlib dedilər: “Aişənin nə etdiyini görürsənmi? Allahın Elçisi və bu qədər camaat ona görə dayanıb. Onlarda olan su ehtiyatı qurtarıb, özləri də su olmayan yerdə dayanıblar”. Əbu Bəkr (mənim yanıma) gəldi. Bu vaxt Allah Elçisi – salləllahu aleyhi və səlləm - başını dizimin üstünə qoyub yatmışdı. Əbu Bəkr dedi: “Allahın Elçisini və bu qədər camaatı su olmayan bir yerdə, həm də su ehtiyatları olmadığı halda saxlamısan?” Sonra o, barmağı ilə böyrümdən vura-vura məni bir az da tənbeh etdi. Bu vaxt Allah Elçisi – salləllahu aleyhi və səlləm - başı dizimin üstündə olduğuna görə mən tərpənmədim. Allah Elçisi – salləllahu aleyhi və səlləm - ayıldıqda (paklanıb namaz qılmaq üçün) su tapmadı. (Elə bu səbəbdən də) Uca Allah təyəmmüm ayəsini nazil etdi və onlar da təyəmmüm etdilər. Useyd ibn Xudeyr dedi: “Ey Əbu Bəkrin ailəsi! Bu sizin ilk bərəkətiniz deyildir”. Aişə (Allah ondan razı olsun) dedi: “Sonra üstündə oturduğum dəvəni qaldırdıq və boyunbağını onun altından tapdıq”.
əl-Buxari, 334, 336, 3672, 5250, 6845; Muslim, 367; Malik, 120; ən-Nəsai, 308, 310; İbn Hibban, 1317; əl-Hakim, 809; Əhməd, 25455, 25494.