İki bacı ilə evlənməyin qadağan olunması - ən-Nisa surəsi 22 -23 - cü ayələr
“Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqiqətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yoldur. Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: "İslam şəriətində evlənməsi haram olan qadınlar İslamaqədərki ərəb cəmiyyətində də yasaq edilmişdilər. Lakin bu "hökmdə" atanın həyat yoldaşı və iki bacı ilə birlikdə evlənmə istisna idi. Uca Allah da bu ayəni nazil etdi: “Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin...”- ayəsindən “…iki bacını birlikdə almaq haramdır”- ayəsinə qədər”.
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 8938, 8997; əs-Suyuti “Durrul-Mənsur” 2/469. Ali Nasr və əl-Hilali sənədinin səhih olduğunu bildirmişlər.