Cariyələrlə evlənmək haqda - ən-Nisa surəsi 24 - cü ayə
“Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir”
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi s salləllahu aleyhi və səlləm - Huneyn döyüşündə qoşun hazırlayıb Əvtasa göndərdi. Onlar düşmənə qalib gəldikdən sonra cariyələrə sahib oldular. Lakin səhabələrdən bir qismi elə zənn etdi ki, ərləri müşrik olan cariyələrlə evlənməklə günah qazanacaqlar. Uca Allah da bu ayəni nazil etdi: “Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi…” (ən-Nisa, 24). Yəni gözləmə müddəti bitdikdən sonra həmin cariyələrlə evlənmək sizə halal buyuruldu.
Muslim, 2643, 3681; ən-Nəsai “Sunən” 3281, 3333, 3346, “Sunənul-Kubra” 5468, 5492, 14329; əl-Beyhəqi “Sunənul-Kubra” 13732, 14329; İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 8967, 9025.