Qadınların saleh əməlləri də kişilərin saleh əməllərinin savabı kimi tamdırmı? - ən-Nisa surəsi 32 - ci ayə

    05.11.2018
وَلَا تَتَمَنَّوْا مَا فَضَّلَ اللَّهُ بِهِ بَعْضَكُمْ عَلَى بَعْضٍ لِلرِّجَالِ نَصِيبٌ مِمَّا اكْتَسَبُوا وَلِلنِّسَاءِ نَصِيبٌ مِمَّا اكْتَسَبْنَ وَاسْأَلُوا اللَّهَ مِنْ فَضْلِهِ إِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا

 
“Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir
 

عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّهَا قَالَتْ : يَغْزُو الرِّجَالُ وَلاَ تَغْزُو النِّسَاءُ وَإِنَّمَا لَنَا نِصْفُ الْمِيرَاثِ. فَأَنْزَلَ اللَّهُ {وَلاَ تَتَمَنَّوْا مَا فَضَّلَ اللَّهُ بِهِ بَعْضَكُمْ عَلَى بَعْضٍ} قَالَ مُجَاهِدٌ : وَأَنْزَلَ فِيهَا {إِنَّ الْمُسْلِمِينَ وَالمُسْلِمَاتِ} وَكَانَتْ أُمُّ سَلَمَةَ أَوَّلَ ظَعِينَةٍ قَدِمَتِ الْمَدِينَةَ مُهَاجِرَةً.

 
Rəvayət edilir ki, Ummu Sələmə (Allah ondan razı olsun) demişdir: “Kişilər döyüşə gedir, qadınlar isə döyüşə getmirlər. Bizə yalnız mirasın yarısı düşür. Bu səbəblə Allah bu ayəni nazil etdi: “Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın...” (ən-Nisa, 32)”. Mucahid dedi: “Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır” (əl-Əhzab, 35) ayəsi onun barəsində nazil olmuşdur. Ummu Sələmə kəcavədə mühacir olaraq Mədinəyə gələn ilk qadındır”.
 
ət-Tirmizi, 3022, 3295; Səid ibn Mənsur “Sunən” 624; əl-Qurtubi “Təfsir” 5/162; Abdur-Razzəq “Təfsir” 1/1/156; İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 5/31. əl-Albani isnadının səhih olduğunu bildirmişdir.
 

عن ابن عباس قال : أتت امرأة النَّبِيّ صلى الله عليه وسلم فقالت : يا نبي الله للذكر مثل حظ الأنثيين وشهادة امرأتين برجل أفنحن في العمل هكذا إن عملت امرأة حسنة كتبت لها نصف حسنة فأنزل الله {وَلاَ تَتَمَنَّوْا} فإنه عدل مني وإن صنعته.

 
Rəvayət edilir ki, İbn Abbas (Allah onan razı olsun) demişdir: “Bir qadın Peyğəmbərin - salləllahu aleyhi və səlləm - yanına gəlib belə dedi: “Ey Allahın Peyğəmbəri, bir kişiyə iki qadının payı qədər pay düşür və iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir. Məgər əməldə də bizim üçün belədir? Əgər bir qadın bir yaxşı əməl edərsə, ona savabın yarısımı veriləcək?” Bu səbəblə Allah bu ayəni nazil etdi: “Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir” (ən-Nisa, 32). Yəni, bu Mənim tərəfimdən olan ədalətdir və bunu Mən belə etdim”.  
 
İbn Əbu Hatim “Təfsir” 5223; əs-Suyuti “Durrul-Mənsur” 4/374; İbn Kəsir “Təfsir” 2/286. Ali Nasr və əl-Hilali isnadının həsən olduğunu bildirmişlər.