Təyəmmüm ayəsi - ən-Nisa surəsi 43 - cü ayə
“Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır”
Əli bin Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, ənsardan bir kişi onu və Abdur-Rahmən ibn Aufu öz evinə dəvət edərək onlara şərab da verdi. O zaman sərxoşedici içkilər hələ qadağan olunmamışdır. Məğrib namazının vaxtı çatanda Əli namazı qıldırarkən “De: “Ey kafirlər!” (Kəfirun surəsini) səhv oxudu. Bundan sonra ayə nazil oldu: “Ey iman gətirənlər! Sərxoş ikən namaza yaxınlaşmayın…” (ən-Nisa, 43)”.
Əbu Davud, 3671, 3673; əd-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 567; Abd ibn Humeyd “Musnəd” 82; . əl-Albani səhih olduğunu bildirmişdir.
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Mən bəzi səfərlərdə Allah Elçisi – salləllahu aleyhi və səlləm - ilə birlikdə çıxardım. Beyda və ya Zatul-Ceyş adlı yerə çatıqda, boyunbağım itdi. Allah Elçisi – salləllahu aleyhi və səlləm - onu axtarmaq üçün durdu və insanlar da onunla birlikdə ayağa durdular. Onların özləri ilə və ətraflarında su yox idi. İnsanlar Əbu Bəkrin yanına gəlib dedilər: “Sən görmürsən ki, Aişə nə etdi?! Allah Elçisi – salləllahu aleyhi və səlləm - dayandığına görə insanlar da onunla dayanıblar. İnsanların ətrafında və özləri ilə suları yoxdur”. Əbu Bəkr Allah Elçisinin – salləllahu aleyhi və səlləm - yanına gəldi, bu vaxt Allah Elçisi – salləllahu aleyhi və səlləm - başını Aişənin dizinə qoyub yatmışdı. Əbu Bəkr Aişəyə dedi: “Sənə görə Allah Elçisi – salləllahu aleyhi və səlləm - və insanlar dayanıblar. Halbuki, özlərində və ətraflarında su yoxdur”. Aişə dedi: “Atam Əbu Bəkr məni qınayıb bəzi sözlər dedi və böyrümü də dürtmələdi. Allah Elçisinin – salləllahu aleyhi və səlləm - başı dizlərimin üstündə olduğuna görə tərpənə bilmirdim. Allah Elçisi – salləllahu aleyhi və səlləm - yatdı və oyandıqda bizim suyumuz yox idi. Uca Allah təyəmmüm ayəsini nazil etdi. Useyd ibn Hudeyr dedi: “Bu sizinilk bərəkətiniz deyil, ey Əbu Bəkr ailəsi!” Aişə (Allah ondan razı olsun) dedi: “Biz miniyimiz olan dəvəni qaldırdıqda, boyunbağını onun altından tapdıq”.
ən-Nəsai, 310; əl-Buxari, 4607; Malik, 120; İbn Hibban, 1300, 1317; ət-Tabərani “Mucəmul-Kəbir” 18658; İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 9700. əl-Albani səhih olduğunu bildirmişdir.