Yetim qızları himayə edən haqda - ən-Nisa surəsi 127 - ci ayə
“Səndən qadınlar barəsində hökm (verməyini) istəyirlər. De: “Onlar barəsində və həmçinin Kitabda sizə oxunan ayələrdə özlərinə müəyyən edilmiş mirası verməyərək evlənmək istədiyiniz yetim qızlar, zəif uşaqlar və yetimlərlə ədalətlə rəftar etməyiniz haqqında hökmü sizə Allah verir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.
Rəvayət edilir ki, Urva ibn Zubeyr Aişədən (Allah ondan razı olsun) Uca Allahın: “Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa...” (ən-Nisa, 3) ayəsi barəsində soruşdu. Aişə (Allah ondan razı olsun) dedi: “Bacı oğlu, bu (ayədə bəhs edilən) yetim qız hamisinin himayəsi altındadır və hamisi onun malına şərikdir. Özü də qızın həm malına, həm də özünə gözü düşüb. Hamisi onunla evlənmək istəyir, lakin onun mehrini insafla, (evlənmək istəyən) kimsənin (aldığı) qıza verdiyi kimi mehr verməkdən boyun qaçırır. Belələrinə yetim qızlarla evlənmək qadağan edilmişdir. Ancaq (mehr xüsusunda) ədalətlə hərəkət edərək və bu qızlara adətən qadınlara verilən mehrin ən yaxşısını verərək onlarla evlənə bilərlər. Əks təqdirdə onlara bu qızlardan başqa xoşlarına gələn (halal) qadınlarla evlənmək əmr olunur”.
Urva davam edərək rəvayət edir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Bu ayədən sonra insanlar Peyğəmbərdən - salləllahu aleyhi və səlləm - qadınlar barəsində fətva istədilər və Allah (bu ayəni) nazil etdi: “Səndən qadınlar barəsində hökm (verməyini) istəyirlər...” (ən-Nisa, 127). Aişə (davam edib) dedi: “Bu ayənin davamında: “evlənmək istədiyiniz” sözü, birinizin, himayəsi altında olan, malı az olub özü də çox gözəl olmayan yetim qızla evlənmək istəyi olmadığı mənasını verir. Odur ki, (kişilərə) himayələrində olan yetim qızların malına və gözəlliyinə görə onlarla evlənmək qadağan edilmişdir. Çünki əgər bu qızların malı az olsaydı, özləri də gözəl olmasaydılar, (bu himayədarlar) onlarla evlənməzdilər. Ancaq (mehr xüsusunda) ədalətlə hərəkət etsələr (onlarla) evlənə bilərlər”.
əl-Buxari, 2494, 4574; Muslim, 5335, 7713; Əbu Davud, 2070; əl-Beyhəqi “Sunənul-Kubra” 13589, 14184.