Ailədə kişi və qadının barışması - ən-Nisa surəsi 128 - ci ayə
“Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır”
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi öz qadınına qarşı az məhəbbət bəslədiyindən ondan ayrılmaq istəyirdi. Qadını ona dedi: “Məni boşamadan tərk et!” Uca Allah da bu ayəni nazil etdi: “Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa…” (ən-Nisa, 128)”.
əl-Buxari, 2450, 2694, 5206; əl-Beyhəqi “Sunənul-Kubra” 14514, 15134.
Rəvayət edilir ki, Urva ibn əz-Zubeyr demişdir: “Aişə (Allah ondan razı olsun) belə dedi: “Ey bacım oğlu! Allah Elçisi - salləllahu aleyhi və səlləm - bizim (zövcələrini) birimizi digərindən üstün hesab etmir və hər birimizin yanında müvafiq bölgüyə əsasən qalırdı. O hər gün bizim hamımızı ziyarət edir və növbəsi çatmış zövcəsinin yanında qalırdı. Səudə bint Zəma artıq yaşa dolmuşdu və qorxurdu ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - onu boşayar. Elə buna görə də o Allah Elçisinə - salləllahu aleyhi və səlləm - dedi: “Ey Allahın Elçisi, öz növbəmi Aişəyə bağışlayıram!” Allah Elçisi - salləllahu aleyhi və səlləm - onunla razılaşdı və Uca Allah da bu ayəni nazil etdi: “Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa…” (ən-Nisa, 128)”.
Əbu Davud, 2135, 2137; əl-Beyhəqi “Sunənul-Kubra” 13212, 13816. əl-Albani həsən səhih olduğunu bildirmişdir.
Rafi ibn Xadic (Allah ondan razı olsun) rəvayət edir ki, onun zövcəsi artıq yaşa dolmuşdu. Buna görə də o bakirə qızla evləndi və onun yanında qalmağa daha çox üstünlük verdi. Zövcəsi də onun bu hərəkətinə öz etirazını bildirdi. Bu zaman Rafi ona talaq verdi. Gözləmə müddətinin bitməsinə az qalmış Rafi ona dedi: “Səbr edəcəksənsə, talaqı geri götürüm, ya da əcəlin çatana qədər səni tərk edim”. O dedi: “Səbr edəcəyəm, talaqı geri götür”. Sonra o, yenə ərinin bu hərəkətinə səbr etmədikdə Rafi onu boşadı. Elə bu da nazil olmuş ayədən bizə məlum olan sülhdür: “Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz…” (ən-Nisa, 128)”.
əl-Hakim, 3205; Abdur-Razzəq “Təfsir” 1/1/175; İbn Cərir ət-Tabər “Cəmiul-Bəyən” 10669. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər. Şeyx Muqbil (Allah ona rəhm etsin) Bu rəvayətlər arasında heç bir ziddiyyət yoxdur və ayə onların hamısına şamil edilir.