Hansısa insana Allah demək olarmı?
Salam aleykum. Kim bir insana bilərəkdən Allah deyərək onun Rəbb, İlah olduğunu düşünər və iddia edərsə, bununla böyük küfr etmiş və dindən çıxmış olar. Çünki Allahdan başqa haqq məbud, ilah yoxdur. Uca Allah buyurur: "Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir". (əl-Bəqərə, 163).
"Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur...". (əl-Bəqərə, 255).
"Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur...". (Muhəmməd, 19).
Allah sözü Uca Allahın 99 ad və sifətlərindən biridir. Allahın isimləri də ona aid olma etibarı ilə iki qismə bölünür:
Birincisi, xas və xüsusi olaraq yalnız və yalnız Uca Allaha məxsus olan adlardır. Hansı ki, o adlar Allahdan başqasına aid edilməz, Ondan başqasına yönəldilməz və Allahdan başqası bu adla adlandırılmaz. O adlardan bəziləri də Allah, əl-Əhəd, əs-Saməd, ər-Razzəq, əl-Mutəkəbbir, ər-Rabb, ər-Rahmən, əl-Xaliq, əl-Xalləq və s. bu kimi adlarıdır. Bu adlardan hər hansı biri ilə məxluqu, insanı adlandırmaq olmaz və bu, haramdır.
İkincisi isə, təkcə Uca Allaha xas olmayan adlardır ki, bu adlarla insanları da adlandırmaq və vəsf etmək olar. Məsələn; Səmi' (eşidən), Basir (görən), Əli (uca olan), Həkim, Raşid, Malik və s. Hətta məşhur səhabə və tabeinlərdən (səhabələrin ardıcılları) də bu adlardan bəziləri ilə adlandırılanlar olub. Buna misal olaraq da Əli ibn Talib, Ənəs ibn Malik, Həkim ibn Hizam kimi səhabələri və Kə'b ibn Malik, Malik ibn Dinar kimi tabeinləri misal göstərmək olar. Uca Allahın adları və onların izahı barədə daha ətraflı saytın İSLAM bölməsində tanış ola bilərsiniz. Həmçinin oxuyun:
Allahın neçə adı vardır və onlar hansılardır?
Allahın ad və sifətləri arasında nə fərq vardır?
Uşaqlara Allahın adlarından qoymaq olar?