Sübh namazı necə qılınır?
Aleykum salam. Sübh namazı iki rükət sünnət və iki rükət fərzdən ibarətdir. Fərz səsli qılınır. Sünnət isə fərzdən qabaq qılınır. Ümumi qılınma qaydası isə iki rükətli namazların qılınması kimidir. Dəstəmaz aldıqdan sonra iqamə oxunur və qibləyə tərəf yönələrək “Allahu Əkbər - Allah ən böyükdür” deyib təkbir gətirilir. Sonra sağ əlini sol əlinin üzərinə bağlayaraq sinəsinin üstünə qoyur. Daha sonra istiftah (açılış və ya başlanğıc) duasını deyir və “əuzu billəhi minəş-şeytanir-racim - lənətlənmiş şeytanın şərrindən Uca Allaha sığınıram”, “Bismilləhir-rahmənir-rahim - Mərhəmətli və Rəhimli Allahın adı ilə” deyərək “əl-Fatihə” və ardınca da Qurandan əzbər bildiyi istənilən bir surə və ya ayəni oxuyur. Daha sonra rükuya gedir və üç dəfə “subhanə rabbiyəl-azim - əzəmətli olan rəbbim nə qədər pak və nöqsansızdır” duasını deyir və “səmiallahu limən həmidəhu, rabbənə va ləkəl həmdu - Allah ona həmd edəni eşitdi və ey rəbbimiz həmd-sənalar yalnız sənin üçündür” duasını deyərək başını rükudan dikəlib əvvəlki vəziyyətinə qalxır və təkbir gətirərək səcdəyə gedir. Daha sonra səcdədə üç dəfə “subhanə rabbiyəl-a'lə - uca olan rəbbim nə qədər pak və nöqsansızdır” duasını oxuyur. Sonra səcdədən qalxıb oturur və eyni səslə “rabbiğfirli - ey rəbbim məni bağışla” duasını deyir və ardınca eyni qaydada səcdə edir və eyni duanı oxuyur və təkbir gətirib ikinci rükətə ayağa qalxır. Daha sonra “bismilləhir-rahmənir-rahim” deyərək yenə də “əl-Fatihə” və başqa bir surə oxuyur və təkbir gətirərək rükuya gedir. Birinci rükətdə olduğu kimi eyni qaydada eyni duanı oxuyur və ardınca yenə birinci rükətdəki kimi eyni duanı deyərək qalxır və təkbir gətirərək yenidən səcdəyə gedir və səcədədə birinci rükətdəki kimi yenə eyni qaydada təkrarlanır və eyni duanı oxuyur və ikinci səcdədən qalxdıqda təşəhhüdə oturur. Təşəhhüddə “ət-Təhiyyətu lilləhi......”, “Allahummə salli, Allahummə barik......” və “Allahummə inni əuzu bikə min azəbil-qabri, va əuzu bikə min fitnətil-məsihid-dəccal, va əuzu bikə min fitnətil-məhyə val-məməti. Allahummə inni əuzu bikə minəl-məsəmi val-məğrami - Allahım! Qəbr əzabından Sənə sığınıram, Məsih Dəccalın fitnəsindən Sənə sığınıram, həyat və ölümün fitnəsindən Sənə sığınıram. Allahım! Günaha və borca düşməkdən Sənə sığınıram”. (əl-Buxari və Muslim) dualarını oxuyur və sonda “əssələmu aleykum və rahmətullahi - sizə salam olsun və Allahın mərhəməti yetişsin” deyərək sağ və sol çeyninə salam verir. Bu ümumi olaraq fərz namazının qılınış formasıdır. Sünnət isə bundan yalnız səssiz və iqaməsiz qılınması ilə fərqlənir. Daha ətraflı Namaz məqaləsini oxuyun.