ən-Nur surəsi 3 - cü ayə
“Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir”
Amr ibn Şueyb atasın və babasının belə dediyini rəvayət etmişdir: “Mərsəd ibn Əbu Mərsəd adlı bir kişi əsirləri Məkkədən Mədinəyə aparırdı. Bu kişinin Məkkədə Ənaq adlı əxlaqsız bir qadın tanışı var idi. Bir dəfə o, Məkkədə olan əsirlərdən birini Mədinəyə aparmağa söz verdi. Mərsəd deyir ki, o, aylı bir gecədə Məkkədəki divarlardan birinin kölgəsində oturub onu (əsiri) gözləyirdi. Bu vaxt Ənaq gəldi və divarın dibindəki qaraltıya nəzər saldı. Sonra yaxınlaşıb məni tanıdı və dedi: "Mərsəd, bu sənsən?" Mən dedim: "Bəli, mənəm!" O dedi: “Xoş gördük. Gedək bir gecə bizdə qal”. Mən dedim: “Ey Ənaq, Allah zinanı haram etdi!” Bu zaman Ənaq: “Ey şəhər əhli! Bu kişi sizin əsirlərinizi qaçırır!”- deyib qışqırdı. Onlardan səkkiz nəfər məni təqib etməyə başladı. Mən gəlib Xəndəmə deyilən yerə çatdım və oradakı mağaraya daxil oldum. Onlar gəlib məni axtarmağa başladılar. Allah onların gözlərini bağladı və onlar məni görmədilər. Onlar çıxıb getdikdən sonra mən söz verdiyim adamın yanına gəlib onu apardım. Əzxərə gəlib çatdıqda ona vurulmuş qandalları açdım. Mən onu çox çətinliklə gətirib Mədinəyə çatdırdım və sonra Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib dedim: “Ey Allahın Elçisi, məni Ənaqla evləndir!” O susdu və mənə heç bir cavab vermədi. Uca Allah da bu ayəni nazil etdi: “Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir” (ən-Nur, 3). Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu ayəni mənə oxuyub dedi: “Onunla evlənmə!”
ət-Tirmizi, 3177, 3477; əl-Beyhəqi “Sunənul-Kubra” 13639, 14234; əl-Hakim, 2701. əl-Hakim və əz-Zəhəbi hədisin isnadının səhih olduğunu, əl-Albani və Mubil isə isnadının həsən olduğunu bildirmişlər.