ən-Nur surəsi 6 - 10 - cu ayələr
“Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması, beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”- deməsidir. Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər. Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”- deməlidir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasaydı yalan danışanlar Allahın lənətinə gələrdilər”
عَنْ سَهْلِ بْنِ سَعْدٍ أَنَّ عُوَيْمِرًا أَتَى عَاصِمَ بْنَ عَدِىٍّ وَكَانَ سَيِّدَ بَنِى عَجْلاَنَ فَقَالَ كَيْفَ تَقُولُونَ فِى رَجُلٍ وَجَدَ مَعَ امْرَأَتِهِ رَجُلاً ، أَيَقْتُلُهُ فَتَقْتُلُونَهُ أَمْ كَيْفَ يَصْنَعُ سَلْ لِى رَسُولَ اللَّهِ - صلى الله عليه وسلم - عَنْ ذَلِكَ فَأَتَى عَاصِمٌ النَّبِىَّ - صلى الله عليه وسلم - فَقَالَ يَا رَسُولَ اللَّهِ ، فَكَرِهَ رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - الْمَسَائِلَ ، فَسَأَلَهُ عُوَيْمِرٌ فَقَالَ إِنَّ رَسُولَ اللَّهِ - صلى الله عليه وسلم - كَرِهَ الْمَسَائِلَ وَعَابَهَا ، قَالَ عُوَيْمِرٌ وَاللَّهِ لاَ أَنْتَهِى حَتَّى أَسْأَلَ رَسُولَ اللَّهِ - صلى الله عليه وسلم - عَنْ ذَلِكَ فَجَاءَ عُوَيْمِرٌ فَقَالَ يَا رَسُولَ اللَّهِ رَجُلٌ وَجَدَ مَعَ امْرَأَتِهِ رَجُلاً ، أَيَقْتُلُهُ فَتَقْتُلُونَهُ أَمْ كَيْفَ يَصْنَعُ فَقَالَ رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - « قَدْ أَنْزَلَ اللَّهُ الْقُرْآنَ فِيكَ وَفِى صَاحِبَتِكَ » . فَأَمَرَهُمَا رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - بِالْمُلاَعَنَةِ بِمَا سَمَّى اللَّهُ فِى كِتَابِهِ ، فَلاَعَنَهَا ثُمَّ قَالَ يَا رَسُولَ اللَّهِ ، إِنْ حَبَسْتُهَا فَقَدْ ظَلَمْتُهَا ، فَطَلَّقَهَا ، فَكَانَتْ سُنَّةً لِمَنْ كَانَ بَعْدَهُمَا فِى الْمُتَلاَعِنَيْنِ ، ثُمَّ قَالَ رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - « انْظُرُوا فَإِنْ جَاءَتْ بِهِ أَسْحَمَ أَدْعَجَ الْعَيْنَيْنِ عَظِيمَ الأَلْيَتَيْنِ خَدَلَّجَ السَّاقَيْنِ فَلاَ أَحْسِبُ عُوَيْمِرًا إِلاَّ قَدْ صَدَقَ عَلَيْهَا ، وَإِنْ جَاءَتْ بِهِ أُحَيْمِرَ كَأَنَّهُ وَحَرَةٌ فَلاَ أَحْسِبُ عُوَيْمِرًا ، إِلاَّ قَدْ كَذَبَ عَلَيْهَا » . فَجَاءَتْ بِهِ عَلَى النَّعْتِ الَّذِى نَعَتَ بِهِ رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - مِنْ تَصْدِيقِ عُوَيْمِرٍ ، فَكَانَ بَعْدُ يُنْسَبُ إِلَى أُمِّهِ .
Səhl ibn Səd (Allah ondan razı olsun) rəvayət etmişdir ki, (bir dəfə) Uveymir Bəni İclan tayfasının başçısı Asim ibn Adiyin yanına gəlib soruşdu: “Bir adam öz zövcəsini başqa bir kişi ilə zina edərkən tutsa, nə etməlidir? O həmən kişini öldürməli, siz də onu öldürməlisiniz? Yoxsa bunun başqa bir yolu var? Bu haqda mənə aydınlıq gətirmək üçün bunu Allahın Elçisindən soruş”. Asim Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib: “Ey Allahın Elçisi!”– deyə (bu haqda ondan soruşdu), lakin bu suallar Peyğəmbərin - sallallahu aleyhi və səlləm - xoşuna gəlmədi, bunu ayıb hesab etdi. Uveymir bunun cavabını Asimdən soruşduqda, o dedi: “Sənin sualların Peyğəmbərin - sallallahu aleyhi və səlləm - xoşuna gəlmədi və o bunu ayıb hesab etdi”. Uveymir dedi: “Vallahi, gedib özüm bu barədə Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - soruşacağam!” Sonra Uveymir Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib dedi: “Ey Allahın Elçisi, bir adam öz zövcəsini başqa bir kişi ilə zina edərkən tutsa, onu öldürməli, siz də onu öldürməlisinizmi? Yoxsa bunun başqa bir yolu var?” Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: “Artıq Allah sənin və sənin zövcən barədə ayə nazil etdi!” Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - onlara Allahın Kitabında olduğu kimi lənətləşməyi əmr etdi. Onlar Peyğəmbərin - sallallahu aleyhi və səlləm - əmrini yerinə yetirdikdən sonra Uveymir: “Ya Rəsulullah, mən onu boşamasam, ona zülm etmiş olaram”– dedi və onu boşadı. Bundan sonra bu hökm sünnə olaraq, hər bir lənətləşən ər-arvada tətbiq olundu. Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: “Gözdə-qulaqda olun, əgər doğulacaq uşaq qara dərili, qaragözlü, iri yanlı və kök baldırlı olarsa, mən Uveymirin o qadının əleyhinə dediyinin həqiqət olduğunu hesab edərəm. Yox, əgər uşaq qırmızı dərili, cılız doğulmuş olarsa, mən Uveymirin öz zövcəsinə böhtan və iftira atdığını sanaram”. (Vaxtı yetişdikdə) qadın Peyğəmbərin - sallallahu aleyhi və səlləm - vəsf etdiyi şəkildə olan və Uveymirin haqlı olduğunu sübut edən bir uşaq dünyaya gətirdi. Bu səbəbdən də uşaq anasına mənsub oldu”.
əl-Buxari, 4745, 5308; Muslim, 1492, 2741, 3816.
Rəvayət edilir ki, Səid ibn Cubeyr demişdir: “Musab (ibn əz-Zubeyrin) əmirliyi dövründə lənətlənmiş ər-arvadın ayrılıb-ayrılmaması barədə məndən soruşdular. Nə cavab verəcəyimi bilmədim. Odur ki, Məkkəyə İbn Ömərin mənzilinə gəldim və qapıda duran uşağa dedim: “Onun yanına daxil olmağım üçün izn istə”. Uşaq: “O indi istirahət edir”- deyə cavab verdikdə İbn Ömər mənim səsimi eşidib dedi: “Cubeyrin oğlusan?” Mən: “Bəli!”- deyə cavab verdikdə, o dedi: “İçəri gəl! Allaha and olsun, mən bilirəm ki, sənin bu saatda gəlməyin yalnız ciddi ehtiyacdan irəli gələ bilər”. Mən içəri daxil olduqda, onu ağac liflərindən düzəldilmiş yastığa söykəndiyini gördüm və dedim: “Ey Əbu Abdur-Rahmən! Lənətləşən ər-arvad ayrılmalıdırlarmı?” O dedi: “Subhən-Allah! Əlbəttə, həqiqətən, ilk dəfə bu barədə filankəsin oğlu filankəs soruşub demişdi: “Ey Allahın Elçisi! Bizdən birimiz zövcəsini zina edərkən yaxalasa, nə etməlidir? Əgər o, bu barədə xəbər versə böyük bir günahı ifşa etmiş olur, bunu gizlətsə isə onu ört-basdır etmiş olur”. Peyğəmbər - sallallahu aleyhi və səlləm - susdu və ona heç bir cavab vermədi. Bir müddət sonra o, yenə gəlib dedi: “Səndən hökmü barəsində soruşduğum o müsibətə düçar olan mən özüməm”. Uca Allah da ən-Nur surəsində olan bu ayələri nazil etdi: “Arvadlarını zinada günahlandırıb...” (ən-Nur, 6). Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu ayələri ona oxuyub, nəsihət etdikdən sonra dünya əzabının Axirət əzabından daha yüngül olacağı barədə ona xəbər verdi. O dedi: “Xeyr! Səni haqq ilə Göndərənə and olsun ki, mən ona böhtan atmıram!” Peyğəmbər - sallallahu aleyhi və səlləm - qadını çağırtdırdı, ona nəsihət edib dünya əzabının Axirət əzabından daha yüngül olacağını ona xəbər verdi. Qadın dedi: “Xeyr! Səni haqq ilə Göndərənə and olsun ki, o yalan danışır!” Əvvəlcə kişi doğru danışdığına dair dörd dəfə Allahın adı ilə şəhadət verdi və beşinci dəfə: “Əgər yalan deyirəmsə, Allah mənə lənət etsin”- dedi. Sonra qadın onun yalan deməsi barəsində dörd dəfə Allahın adı ilə şəhadət gətirdi və beşinci dəfə: “Əgər o, doğru deyirsə, Allahın qəzəbi məni tutsun”- dedi. Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - onları ayırdı (bir-birindən boşadı)”.
Muslim, 1493, 2742; ət-Tirmizi, 1202; 3178, 3478; əd-Dərimi “əs-Sunən” 2231; ən-Nəsəi “Sunənul-Kubra” 11357.
Rəvayət edilir ki, Abdullah (Allah ondan razı olsun) demişdir: “Cümə gecəsi məsciddə idik. Ənsarlardan bir kişi gəlib dedi: “Əgər bir kişi həyat yoldaşını başqa bir kişi ilə zina edərkən tutsa və bu barədə xəbər versə, onu şallaqlayacaqsınız, yaxud öldürübsə onu öldürəcəksiniz? Yox əgər susarsa, günahı gizlətmiş olar? Allaha and olsun ki, bu haqda Allah Elçisindən - sallallahu aleyhi və səlləm - mütləq soruşacağam”. Ertəsi gün o, Allah Elçisinin - sallallahu aleyhi və səlləm - yanına gəlib dünən dediklərini ona dedi. Peyğəmbər - sallallahu aleyhi və səlləm: “Allahım, bunun hökmünü bizə bəyan et!”- deyib dua etməyə başladı və lənət ayələri nazil oldu: “Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması, beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”- deməsidir. Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər. Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”- deməlidir” (ən-Nur, 6-9). Həmin kişi bu müsibətə düçar oldu və sonra arvadı ilə Allah Elçisinin - sallallahu aleyhi və səlləm - yanına gəlib, onun hüzurunda lənətləşdi. Kişi doğru dediyini sübuta yetirmək üçün Allahın adı ilə dörd dəfə şəhadət gətirdi və beşinci dəfə: “Yalan danışıramsa, Allah mənə lənət etsin!"- dedi. Sonra qadın lənət etmək istədikdə Allah Elçisi - sallallahu aleyhi və səlləm - ona bir az düşünməyi əmr etdi. O isə lənət edərək dönüb getdi. O getdikdən sonra Allah Elçisi - sallallahu aleyhi və səlləm - dedi: “Ola bilsin ki, onun dünyaya gətirəcəyi uşaq qara dərili, qıvrımsaç (yaxud barmaqları qısa) olsun”. Uşağın əlamətləri Peyğəmbərin - sallallahu aleyhi və səlləm - dediyi kimi də oldu”.
Muslim, 1495, 2748, 3828; Əbu Davud, 2255; İbn Hibban, 4281.
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Hilal ibn Ümeyyə Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib, zövcəsini Şureyk ibn Səhma ilə zina etməkdə günahlandırdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Ya dediyini sübuta yetir, ya da cəzalandırılacaqsan”. Hilal dedi: “Ey Allahın elçisi! Bizdən birimiz arvadı ilə yataqda bir kişi görərsə sübut axtarmalıdır?” Peyğəmbər - sallallahu aleyhi və səlləm - dediyini bir daha təkrar etdikdə Hilal dedi: “Səni haqq ilə göndərənə and olsun ki, mən doğru danışıram və Allah məni bu cəzadan qurtarmaq üçün ayə nazil edəcək”. Bu zaman Cəbrail: “Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması, beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”- deməsidir. Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər. Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”- deməlidir” (ən-Nur, 6-9) Allahın ayələrini endirdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - qadının yanına bir nəfər göndərib onu çağırtdırdı. Qadın əri Hilal ilə birgə Peyğəmbərin - sallallahu aleyhi və səlləm - hüzuruna gəldi və Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Həqiqətən, Allah sizdən birinizin yalan danışdığını bilir. O şəxs tövbə etmək istəmirmi?” Sonra qadın ayağa qalxıb ərinin yalan danışmasına dair dörd dəfə şəhadət verdi. Beçinci dəfə şəhadət vermək istədikdə, səhabələr onu dayandırıb dedilər: “Diqqət et! Bu sonuncu şəhadətin sənin üçün pis nəticələnə bilər”. Qadın bir anlıq tərəddüd etdi və biz onun bu inadkarlığından əl çəkəcəyini zənn etdik. Sonra qadın: “Mən heç vaxt qövmümü rüsvay edib, adımı bədnam edə bilmərəm”- deyib (lənətləşməni başa çatdırdı və) getdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Bu qadına diqqət edin! Əgər o, qara göz, iri yanlı və kök baldırlı bir uşaq dünyaya gətirsə, deməli o, Şureyk ibn Səhmadandır!” Qadın Peyğəmbərin - sallallahu aleyhi və səlləm - təsvir etdiyi kimi bir uşaq dünyaya gətirdi. Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Allahın Öz kitabında nazil etdiyi hökm (“nemət və mərhəmət”) olmasaydı, o qadınla hesablaşardım (yəni, onu daş-qalaq edərdim)”.
əl-Buxari, 4747; Əbu Davud, 2256; İbn Macə, 2067.
Məhəmməd rəvayət edir ki, mən Ənəs ibn Malikin lənətləşmə barəsində elmli olduğunu bilib bu haqda ondan soruşdum. O dedi: “Doğrudan da Hilal ibn Ümeyyə zövcəsini Şureyk ibn Səhma ilə zina etməkdə ittiham etdi. O, əl-Bəra ibn Malikin qardaşı və İslamda ilk lənətləşən kimsə idi. O, zövcəsi ilə lənətləşdikdən sonra Allah Elçisi - sallallahu aleyhi və səlləm - dedi: “Bu qadına nəzarət edin! Əgər onun dünyaya gətirəcəyi uşaq ağbəniz, boy-buxunlu və qaragöz olarsa, deməli uşaq Hilal ibn Ümeyyədəndir. Yox əgər uşaq qara, qıvrımsaç (yaxud barmaqları qısa) arıq baldırlı olarsa, deməli uşaq Şureyk ibn Səhmadandır”. Mənə bəlli oldu ki, qadının dünyaya gətirdiyi uşaq Peyğəmbərin - sallallahu aleyhi və səlləm - Şureykdən olacaq uşağı vəsf etdiyi şəkildə doğuldu”.
Muslim, 1496, 2749.