Bir qadına, onunla evlənəcəyinə dair söz verdikdən sonra ondan dönmək olarmı?

    16.08.2019
Sual: 
Salam.bir müselman qadına evlenecem deyib,ümid verib,onun bu mövzuda tam güvenini qazanib sora yarı yolda qoymaq olarmi?eger buna tutarli sebeb varsa?bir de buna göre hallaliq almaq lazimdirmi??
Cavab: 
Və aleykum Salam. Əvvəla qeyd edək ki, İslamda sevgi yalnız evlilik niyyətilə olmalıdır. Arada nikah, evlilik niyyəti olmadan naməhrəmlərin sevgi adı ilə bir-biriləri əlaqə saxlaması günahdır və bu cür sevgi əlaqələrinə tövbə edilərək son qoyulmalıdır. Allahın qanunlarına riayət etmədən qurulan bu cür əlaqələr sonda belə pis sonluqlarla nəticələnə bilər. İstənilən halda sevgi adı ilə qarşı tərəfin etibarını qazanıb yalandan ona evlənəcəyinə dair söz verib sonra heç bir səbəb olmadan geri çəkilmək haqqa girmək sayılır. Belə olan halda halallıq alması lazımdır. Lakin əgər evlənmək niyyəti ilə şəriətə müvafiq qaydada əlaqə qurduğu şəxsin sonradan dinində, əxlaqında və ya xilqətində (eyib, xəstəlik və s.) problem ortaya çıxarsa, bu zaman onunla evlilikdən imtina edə bilər. Hətta belə olan halda da tərəflərin yenə də öz aralarında halallaşması yaxşıdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Kimin üzərində din qardaşının haqqı varsa bunu ona halal etdirsin. Çünki o gün (qiyamət günü) borcunu vermək üçün nə dinar vardır, nə də dirhəm. (Bu borcunu) onun savablarından alınıb ona verilmədən və ya yaxşı əməlləri (savabları) olmadıqda, veriləcək kimsədən günahları alınıb borcluya yüklənmədən əvvəl bunu etsin (yəni Qiyamət günü və ölüm gəlmədən bunu ödəsin və ya halallığını istəsin)". (Səhih əl-Buxari).
Həmçinin, əsaslı səbəblərdən biri də İslama görə ailə qurmaq istəyən şəxsin evliliyə xələl gətirə biləcək qüsurları (sonsuzluq, ağır xəstəliklər, şikəstlik və s.) evlənmək istədiyi adama bildirməsidir. Bunu bilmək hər iki tərəfin haqqıdır. Razılaşıb-razılaşmamaq isə qarşı tərəflərin öz seçimi və ixtiyiradır. Rəvayət edildiyinə görə bir gün Ömər ibn Xattab (Allah ondan razı olsun) sonsuz olan bir kişi evləndiyi zaman ondan bu haqda qadına deyib-demədiyini soruşaraq belə demişdir: "Evlənmək istədiyin qadına sonsuz olduğun barədə demisənmi?" Kişi: Xeyir, deməmişəm" - dedi. Ömər ona: "Get qadına bu haqda de, sonra səninlə qalıb-qalmamasına seçim elətdir" - dedi. (İmam Abdurrazzaq əs-San'ani "əl-Musannəf" əsəri, №: 10346; Səid ibn Mənsur "əs-Sunən" kitabı, 2021).
Lakin ailə qurmaq istədiyi insandan evliliyə xələl gətirəcək nöqsanlarını gizəltsə, bununla onu aldatmış, ona zülm etmiş və haqqına girmiş sayılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Bizi aldadan bizdən deyildir". (Muslim "İman", 164, 1/99, №: 102; əd-Darimi, 2/323; İmam Əhməd "Musnəd", 2/50; İbn Məcəh, 2/749). Həmçinin oxuyun:
Qul haqqı barədə
Naməhrəmlə danışmaq günahdırsa, insanı tanımamış necə evlənək? 
Paylaş: