əz-Zumər surəsi 53 – 55 – ci ayələr
“Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun!”
Rəvayət edilir ki, Ömər (Allah ondan razı olsun) demişdir: “O zamanlar biz yolunu azmış (hər bir müsəlman) barəsində: “Allah onun tövbəsini qəbul etməz!”- deyərdik. Allahın Elçisi - sallallahu aleyhi və səlləm - Mədinəyə gəldikdən sonra onlar barəsində bu ayələr: “Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun!” (əz-Zumər, 53-55) nazil oldu. Mən öz əlimlə bu ayələri bir səhifəyə yazıb Hişam ibn əl-Asa göndərdim. Hişam ibn əl-As deyir ki, məktub mənə çatdıqda onu götürüb Zi-Tuvaya qalxdım və orada onu diqqətlə oxudum, lakin heç nə başa düşə bilmədim. Mən Allaha yalvarıb dedim: “Allahım, bunun mənasını mənə başa sal!” Uca Allah da qəlbimə yeritdi ki, bu ayələr bizim barəmizdə nazil olmuşdur. Mən öz dəvəmə minib Mədinəyə, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına getdim”.
İbn Hişam “əs-Siyra” 2/324; əl-Hakim, 3628. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.