əl-Həşr surəsi 1 – 4 – cü ayələr
“Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz diyarından çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün, ey ağıl sahibləri! Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada başqa əzab verərdi. Axirətdə isə onlar üçün od əzabı hazırlanmışdır. Bu onların Allaha və Onun Elçisinə qarşı çıxmalarına görədir. Kim Allaha qarşı çıxsa, bilsin ki, həqiqətən, Allah şiddətli cəza verəndir”
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Bədr döyüşündən altı ay sonra Mədinə şəhərinin ətrafında yaşayan və xurma bağları olan yəhudi Bəni Nədir qəbiləsi ilə döyuş başladı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - və onun tərəfdarları onları mühasirəyə aldıqda artıq onlar silahı yerə qoyub, var-dövlətlərini dəvələrə yükləyib Mədinəni tərk edəcəklərini bildirdilər. Uca Allah da bu ayələri nazil etdi: “Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz diyarından çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz” (əl-Həşr, 1-2). Peyğəmbər - sallallahu aleyhi və səlləm - onları yurdlarından çıxardıb Şama göndərdi. Onlar bundan əvvəl öz yurdlarını tərk etməyən bir ümmət idi. Artıq Allah onların başına gələcək bu müsibəti əzəldən Kitaba (Lövhi Məhfuza) yazmışdı. Onlar bu dünyada belə bir bəlaya düçar olmasaydılar Allah onları öldürməklə və ya əsir alınmaqla əzab verərdi. Bu ayəyə gəlincə: “ilk dəfə toplayıb”- bu onların dünyada ikən həşr olunub (toplanıb) Şama sürgün olunmalarıdır”.
əl-Hakim, 3797; Əbu Avənə “əl-Musnəd” 6964; Abdur-Razzəq “Musannəf” 9732. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali hədisin səhih olduğunu bildirmişlər.