Cənnət və Cəhənnəm həqiqətən varmı?
Aleykum salam. Cənnət və Cəhhənəm var olması həqiqətdir. Quranın insan sözü olmadığı, Allahdan olması sübut olunmuşdur və onun içində yazılan hər bir şey haqqdır. Daha ətraflı:
Quranın Allah sözü olmasının sübutları
Axirətə inanmayanları necə inandıraq?
Uca Allaha və Axirət gününə inanan hər bir müsəlman Cənnət və Cəhənnəmin insanların əbədiyyən qalmaq üçün girəcəkləri yer olduqlarına inanırlar. Cənnət və Cəhənnəm yaradılmışdır və hal-hazırda mövcuddur. Uca Allah buyurur: "Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər (Allahdan qorxanlar) üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin". (Ali İmran, 133).
"(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!" (əl Hədid, 21).
"Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz? And olsun ki, (Muhəmməd əleyhissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü; (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında. (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Məva cənnəti onun yanındadır". (ən-Nəcm, 12-15).
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün günəş tutuldu. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: "…Mən vəd olunduğunuz hər şeyi gördüm. Hətta irəliyə doğru getməyə başladığımı gördüyünüz vaxt Cənnətdən bir salxım almaq istədim (Başqa rəvayətdə: Əgər o, salxımı dərə bilsəydim dünya durduqca ondan yeyərdiniz (heç qurtarmazdı). Məni geriyə çəkildiyimi gördüyünüz vaxt Cəhənnəmi gördüm. Bu gün kimi ömrümdə qorxulu bir mənzərə görməmişdim...".
Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: "Muhəmmədin canı əlində olan Allaha and olsun ki, Cənnət o qədər yaxınlaşdı, o qədər yaxınlaşdı ki, əlimi açsaydım meyvələri (yemişləri) əlimə gələrdi. Cəhənnəm də o, dərəcədə yaxınlaşdı ki, ondan sizə də zərər gələr qorxusuyla qorunmağa başladım".
Ənəs ibni Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) bizimlə namaz qılarkən buyurdu: "Ey insanlar! Mən sizin imamınızam. Məndən öncə rukuya və səcdəyə getməyin, başlarınızı qaldırmayın. Çünki mən sizi önümdən və arxamdan görürəm. Canım əlində olana and olsun ki, mənim gördüyümü görsəydiniz az gülər, çox ağlayardınız". Onlar: "Nə gördün Ya Rəsulullah!" dedilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Cənnət və Cəhənnəmi" deyə buyurdu.
Həmçinin Adəm (aleyhis-sələm) və zövcəsinə qadağan olunmuş ağacdan yeməkləri, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Merac səfərində Cənnət və Cəhənnəmi görməsi onların olduğuna dəlalət edir. Cəhənnəm haqqında: "Kafirlər üçün hazırlanmış oddan həzər edin". (Ali-İmran 131).
"Həqiqətən Cəhənnəm pusqudur. O, azğınların məskənidir". (ən-Nəbə 21-22).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Mənə Cənnət göstərildi və oranın əhalisinin çox hissəsini fəqirlərin olduğunu gördüm. Mənə Cəhənnəm göstərildi və oranın əhalisinin çoxunun qadınlar olduğunu gördüm".
İbn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: "Sizdən hər hansı bir kimsə öldükdən sonra səhər-axşam ona qalacağı yer göstərilir. Cənnət əhlindəndirsə Cənnət, Cəhənnəm əhlindəndirsə Cəhənnəm əhli arasındakı yeri göstərilir və ona: Qiyamət günü Allah səni ora göndərincəyə qədər sənin yerin budur" deyilir.
Kə'b ibni Məlik (Allah onların ikisindən də razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: "Möminin canı Cənnət ağaclarına qonan bir quşdur. Ta ki, Uca Allah Qiyamət günündə onu təkrar cəsədinə geri göndərincəyə qədər".
İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) gecə namazına qaxdıqda bu duanı deyərdi: "Həmd yalnız sənədir. Haqq olan sənsən. Sənin vədin də haqdır. Sənə qovuşmaq da haqdır. Sözün də haqdır. Cənnət də haqdır. Cəhənnəm atəşi də haqdır. Bütün Peyğəmbərlər də haqdır. Muhəmməd də haqdır. Qiyamət də haqdır" .
Ubadə ibni Samit (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: "Kim şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur, Muhəmməd onun qulu və Rəsuludur, İsa (aleyhis-sələm) onun qulu və Rəsuludur, Məryəmə dediyi söz və Ondan gəlmə bir ruhdur, Cənnət haqq, Cəhənnəm haqqdır, Allah o insanı əməlindən asılı olaraq (və ya olmayaraq) Cənnətə salar (Başqa rəvayətdə: Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar!)"
Cənnət əbədi nemətlər yurdudur. Uca Allah oranı möminlər üçün hazırlamışdır. Orada olan nemətləri nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də bir insanın ağlından keçmişdir: "İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn Cənnətləridir. Onlar orada əbədi qalacaqlar". (əl-Bəyyinə 7-8).
"Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz". (əs Səcdə 17).
Ənəs ibni Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: "Qiyamət günü Cənnət əhlindən olub dünyada ən çətin və məşəqqətli həyat sürən birisi gətirilir və Cənnətə bir dəfə salınıb çıxardılır". Ona: "Ey Adəm oğlu! Sən dünyada ikən heç çətinlik və sıxıntı gördünmü?" O, da: "Xeyr, ya Rəbbim! Mən heç bir həyat çətinliyi və sıxıntısı görmədim!" .
Cəhənnəm isə kafirlər üçün hazırlanmışdır. Kafirlər orada əbədi qalaraq ardı-arası kəsilməyən işgəncələrə məruz qalacaqlar: "De ki: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalimlər üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o Cəhənnəm necə də pis məskəndir". (əl-Kəhf, 29).
Ənəs ibni Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: "Qiyamət günü Cəhənnəm əhlindən olub dünyada ən nemətli və gözəl yaşayan birisi gətirilib Cəhənnəmə bir dəfə salınıb çıxardılır". Ona: "Ey Adəm oğlu! Sən heç dünyada ikən bir xeyir gördünmü?" O, da: "Xeyr, ya Rəbbim! Heç bir xeyir görmədim" .
"Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar". (Yunus, 54).