Niyə Allah bəlaları mənə göndərir, yalvardıqda isə duam qəbul olmur?
Sual:
Salam. Menim hec bir ishim duz getirmir. Allah meni cox cetinliklere saldi. Ne qeder yalvariram, el acib komek dileyirem olmur. Namaz da qiliram, halal yolla yetim balami saxlayiram ( men hamile olanda yoldashim qezada oldu). Amma menim, balamin haqqini yeyenlerin her ishi yag kimi gedir. Daha ne edeceyimi bilmirem. Niye problemler, belalar gelende Allah mene verir, amma bu geder komek istetirem, yalvariram yerine yetmir? Pis nefsleri, naleleri uzerimden nece goturum? Cavaba gore evvelceden tesekkurler!
Cavab:
Va aleykum Salam. Hər şeydən əvvəl Allahdan sizə işlərinizin asanlaşdırılmasını, başınıza gələn müsibətə görə sizə savab yazmasını və itirdiyinizdən daha xeyirlisi ilə əvəz etməsini diləyirik. Yaşadığımız bu dünya imtahan dünyasıdır və Uca Allah Öz hikməti ilə hər bir qulunu imtahan edir. Bu imtahanlar bəzən yüngül, bəzən də dözülməz olur. Həmçinin, bəzilərinin imtahanı daha ağır, digərlərinin isə nisbətən asan olur. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "İnsanlardan ən çox bəlaya düçar olanlar peyğəmbərlərdir, sonra (fəzilətdə) onların ardınca gələnlər, sonra onların ardınca gələnlər, sonra onların ardınca gələnlər". (İmam Əhməd "Musnəd", 27124).
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Mükafatın böyüklüyü bəlanın böyüklüyünə görədir. Həqiqətən, Allah bir qövmü sevərsə, onlara bəla verməklə imtahan edər. Kim razı olarsa, Allahın razılığını qazanar. Kim qəzəblənərsə, Allah da ona qəzəblənər". (ət-Tirmizi, 2396, 2576; İbn Macəh, 4031).
Həmçinin demişdir: "Mömin kişinin və mömin qadının bədəninə, ailəsinə və mal-dövlətinə Allahla qarşılaşıncaya qədər bəla üz verərsə, boynunda heç bir günah qalmaz". (əl-Buxari "Ədəbul-Mufrad", 494).
Bilmək lazımdır ki, başımıza gələn müsibətlər Uca Allahın əzəldən müəyyən etdiyi qədəri ilə baş verir və bunun bizim üçün bilmədiyimiz faydaları vardır. Səhih hədislərdə möminin başına gələn müsibətlərin onun günahlarına kəffarə olması, Cənnətdə yüksək dərəcələrə nail olması və s. kimi üstünlükləri haqda xəbər verilir. Ona görə də, əgər biz Rəbbimizə iman gətirmişiksə, Onun barəsində gözəl zəndə olmalıyıq, başımıza gələn xoşagəlməz hadisələrə səbir etməliyik və bu səbrin mükafatını axirətdə Allahdan gözləməliyik. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157). Həmçinin oxuyun: