Sələmə borc götürmək və namaz qılana mane olmaq haqqında
Aleykum salam.
1) Sələmə borc götürmək böyük günahdır. Ailədə bunun məsuliyyəti götürənin üzərinə düşür. Uca Allaha dua edin ki, sizi borcdan qurtarsın. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, bir kölə onun yanına gəlib belə dedi: "Köləlikdən azad olmaq üçün borcumu ödəməyə acizəm, mənə yardım et!" Əli (Allah ondan razı olsun) dedi: "Allah Elçisinin (salləllahu aleyhi və səlləm) mənə öyrətdiyi bəzi kəlmələri sənə öyrədimmi? Siir dağı boyda borcun olsa belə Allah onu sənə ödətdirər. Belə dua et: "Allahumməkfini bi-hələlikə an həramikə və əğnini bifədlikə ammən sivak". Tərcüməsi: "Allahım, məni Öz halalınla kifayətləndirib haramına möhtac etmə, məni Öz lütfünlə Özündən başqasına möhtac etmə!" (ət-Tirmizi, 3563).
Bu duanı edin, inşallah Allah Təala sizi borcdan qurtarar.
2) Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Yaradana (Allaha) asi olmaqda məxluqa itaət edilməz". (İmam Əhməd).
Uca Allah valideynə itaət etməyi vacib buyurduğu halda bu məsələdə valideynə itaət etməyi qadağan etmişdir. Valideynlərin məsələyə bu cür yanaşmaları dini məlumatsızlıqdan irəli gəlir. Çünki namaz Uca Allahın əmridir və hər bir müsəlmana vacib buyurulmuşdur. Ona görə də bacardığınız qədər valideyninizə İslam haqqında danışın, onları Uca Allahın dininə dəvət edin və ibadətinizdən də əl çəkməyin. Allah köməyiniz olsun!