Namazda gələn şübhələrdən necə xilas olum?

    07.10.2019
Kimdən: 
Aise
Sual: 
Salam men Namaz qilanda sef qildigimi duwunurem. ele vaxt olurki bu sozleri dedim demedim deye duwunurem sual altinda qaliram ancag beynimde duwuniremki men bu sozleri dedim?
Cavab: 
Və aleykum Salam. Namaz əsnasında insana gələn şübhələr və cürbəcür fikirlər şeytanın vəsvəsəsidir. Şeytan bu yolla sizi namazdan yayındırmaq istəyir. Vəsvəsələrdən qurtulmağın yolu Allaha sığınmaq, zikr etməyi və Quran oxumağı çoxaltmaqla olur. Uca Allah bu xüsusda buyurur: "Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər. Şeytanlar öz qardaşlarında azğınlığı artırarlar. Sonra da onlardan əl çəkməzlər". (əl-Əraf, 200-202).
Başqa bir ayədə buyurur: "Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın! Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur". (ən-Nəhl, 98-99).
Vəsvələrdən qorunmaq üçün hər bir əməldə şeytana müxalif olmaq lazımdır. Bu səbəbdən namazda vəsvəsə gəldikdə, "Əuzu billəhi minəş-şeytanir-racim" (Məlun şeytandan Allaha sığınıram) deyib üç dəfə sol tərəfə yüngülcə tüpürmək məsləhət görülür. Həmçinin, əgər namazda şübhə gələrsə, böyük ehtimal olunana əsasən qərar vermək lazımdır. Əgər namazın sözlərini deməyiniz daha çox ehtimal olunursa, onda şübhəyə fikir verməyin. Vəsvəsələrdən qurtulmağın yollarından biri də vəsvəsələrə fikir verməməkdir. 
Həmçinin, bilmək lazımdır ki, vəsvəsələrin gəlməsi insanın düzgün yolda olmasına dəlalət edir. Çünki şeytan azmış insanlara vəsvəsə vermir. Səhih hədisdə deyilir ki, bir dəstə insan Peyğəmbərin (salləllahu aleyhi ve səlləm) yanına gələrək deyirlər: "Ey Allahın elçisi! Bizə bəzən elə pis fikirlər gəlir ki, biz onu dilə gətirməkdən çəkinirik". Peyğəmbər onlara: "Sizdə bunlar baş verirmi?" - dedikdə,  onlar: "Bəli" - deyə cavab verdilər. Peyğəmbər onlara: "Bu, elə əsil imandır" - deyə cavab verdi". (Səhih Muslim). Həmçinin oxuyun: Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Teqlər: 
Paylaş: