Min dəfə deyilən zikr yarımçıq buraxıldıqdan sonra necə davam edilir?

    14.11.2019
Kimdən: 
İlahə İmanova
Sual: 
Çox sayda (məsələn min dəfə) ixlas oxuyub, min salavat etmək, min dəfə zikr etmək istəyirəm. Amma olur ki, kimsə çağırır, ya hər hansı bir səbəbdən ardıcıl oxumaq alınmır. Yenidən başlamalı oluram, yarımçıq qaldığı üçün təkrar bunu etməli etməli oluram. Yarımçıq qalmış yerdən davam edə bilərəmmi? Yoxsa yenidən başlamalıyam saya?
Cavab: 

Əssələmu aleykum. Allahı çox zikr etmək, Peyğəmbərə salavat demək ən fəzilətli ibadətlərdən sayılır. Zikrlə insan Rəbbinə yaxınlaşır və şeytandan qorunmuş olur. Uca Allah buyurur: "Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə küfr et­məyin" (əl-Bəqərə, 152).

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Rəbbini yad edənlə Rəbbini yad et­məyənin misalı diri ilə ölünün misalına bənzəyir". (Fəthul-Bari, 11/208; Muslim, 1/539).
Başqa bir rəvayətdə de­mişdir: "Sizə əməllərinizin ən xeyirlisi­ni, Sa­hi­biniz yanında ən təmiz olanı­nı, dərə­cələriniz içində ən yüksəyini, si­zin üçün qızıl-gümüş xərcləməkdən daha xeyir­lisini, düşməninizlə qarşılaşıb onla­rın boyunlarını vurmağınızdan, onların da sizin boyunlarınızı vurmasından daha xeyirlisini sizə bil­d­­i­rimmi?" (Əshabələr) dedilər: «Bəli!» O dedi: «Uca Allahı zikr et­məkdir". (ət-Tirmizi, 5/459; İbn Macə, 2/1245).

Allahı zikr etmək və Peyğəmbərə salavat demək ibadət olduğu üçün onları Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə öyrətdiyi kimi yerinə yetirmək lazımdır. Çünki ibadətin qəbul olması üçün iki şərtə əməl olunmalıdır. İbadət yalnız Allah rizası üçün və Peyğəmbərin buyurduğu şəkildə olmalıdır. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə öyrətdiyi zikrlər iki qismdir: 

1) Müəyyən sayda edilən zikrlər. Bu növ zikrlər yalnız say məhdudiyyəti ilə deyilməlidir. Məsələn, hər fərz namazlarından sonra 33 dəfə "Subhənəllah" (Allah Pak və Müqəddəsdir), 33 dəfə "Əlhəmdulilləh" (Allaha həmd olsun), 33 dəfə "Allahu Əkbər" (Allah Ən Böyükdür) və bir dəfə də "Lə İləhə illəllah vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir" (Allahdan başqa haqq ilah yoxdur, O tək­dir və Onun heç bir şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!) demək bu növə aiddir. Bu növ zikrləri yalnız Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) müəyyən etdiyi sayda demək lazımdır və bunların sayını nə azaltmaq, nə də artırmaq olmaz. Çünki belə etmək bidət (dində yenilik) sayılır.

2) Say məhdudiyyəti olmayan zikrlər. Bu zikrləri istənilən sayda demək olar. Məsələn, Peyğəmbərə salavat demək, "Əstəğfirullah" (Allahdan bağışlanma diləyirəm), "Lə həulə və lə quvvətə illə biləh" (Allahdan başqa güc və qüvvət yoxdur!) demək bu növə aiddir. Bu zikrləri müəyyən say tətbiq etmədən istənilən sayda demək olar. Çünki Peyğəmbərimiz bu zikrlərə say məhdudiyyəti qoymamışdır.

Sualda qeyd etdiyiniz əl-İxlas surəsini oxumaq və salavat demək say məhdudiyyəti qoyulmamış zikrlərdəndir. Bu səbəbdən bu zikrləri ardıcıl olaraq müəyyən sayda deməyinizə ehtiyac yoxdur. Bu və ya digər zikrləri edərkən onları saxlamalı olsanız, sonra yarımçıq qalmış yerdən davam edə bilərsiniz. Həmçinin, bilmək lazımdır ki, sayla deyilənlər arasında hər hansı bir zikrin yüz dəfədən artıq deyilməsi Peyğəmbər tərəfindən buyurulmamışdır. Zikrlər barədə daha ətraflı bu linklərdən oxuyun:

Zikr nədir?

Allahı zikr etməyin fəziləti

Müsəlmanın qalası (dua və zikrlər)

Teqlər: 
Paylaş: