Mömin bir insanın ziyana düşməsi onun günahlarına görədirmi?

    24.12.2019
Kimdən: 
Mehemmed
Sual: 
Salam.Bir momin qardash var.butun namazlari qilar,oruc tutar.Ustune el achib gelene bacardigi qeder komek eder,qarshisina chixan dilenchini bosh buraxmaz.Her heftenin 1-4 gunu nafile oruc tutar,gunde en azi bir sehife Quran oxumamish yatmaz,geceler teheccud namazi qilar.Pis ishlerle mesgul olmaz.Texminen bir ay evvel qardashin bir problemi oldu,boyuk miqdarda ziyana dushdu.Isteyirdik bilek,neye gore ozunu dine hesr etmish adami Allah cezalandirdi?Yeqin pis ishleri olub ona gore?
Cavab: 

Va aleykumus-sələm. İnsanın başına gələn müsibətlər, bəlalar heç də onun pis əməl sahibi olması anlamına gəlmir. Çünki biz imtahan dünyasında yaşayırıq və bu dünyada müsibətlərin və imtahanların olması labüddür. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən salavat (təriflər) və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır" (əl-Bəqərə, 155-157).

İbn Kəsir bu ayənin təfsirində demişdir: "Uca Allah bu ayələrdə qullarını imtahana çəkəcəyindən və sınayacağından xəbər verir. Necə ki, başqa bir ayədə belə buyurur: “Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq” (Muhəmməd, 31).

Bu sınaq bəzən sevinclə, bəzən də qorxu, aclıq və kədərlə olur. Uca Allah buyurur: “Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü” (ən-Nəhl, 112)." 

İnsanın başına gələn müsibətlər və bəlalar onun günahları üçün kəffarədir, həmçinin səbir edərsə, Allah qatında dərəcəsi yüksələr. Sad ibn Əbu Vaqqas (Allah ondan razı olsun) rəvayət edərək deyir: "Mən dedim: "Ey Allahın Elçisi, ən şiddətli bəlaya düçar olan insanlar kimlərdir?" O, buyur­du: "Peyğəmbərlər, sonra onlara daha yaxın olanlar, sonra onlara daha yaxın olanlardır. Kişi dininə görə imtahan olunur. Əgər dinində möhkəm­dirsə, im­ta­hanı çətinləşir. Yox, əgər dinində zəifdirsə, Allah onu dininə görə imta­han edir. Qul yer üzərində günahsız gəzənədək bəla ona gəlməkdə davam edir" (İbn Məcə, 4023, 4159).

Başqa bir hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: "Qiyamət günü bəlaya düçar olanlara savab veriləcəyi zaman, bəla görmə­yənlər dünyada (imtahana çəkilib) dərilərinin kəskin alətlərlə kəsilib parçalan­ma­sı­nı arzulayacaqlar". (ət-Tirmizi, 2402, 2582).

Bu səbəbdən başına müsibət gələn insanlar barədə onların pis işlərlə məşğul olduqlarını zənn etmək düzgün deyil. Əksinə, ola bilsin, Uca Allah onun dərəcəsini yüksəltmək və Qiyamət günü ona daha çox mükafat vermək üçün imtahan etmişdir. Həmçinin oxuyun:

Paylaş: