Səhabələrin Həbəşistana ilk hicrəti

    04.11.2019

Məkkə müşrikləri üç ilə yaxın müsəlmanlarla bütün əlaqələri kəsmişdilər. Müşriklərin iman gətirənlərə verdikləri əzab-əziyyətlər peyğəmbərliyin dördüncü ilinin ortasından və ya axırından başlayaraq günbəgün artırdı. Onlardan bəzilərinə çoxlu işgəncələr verildi; bəziləri döyüldü, qızmar günəş altında saxlanıldı, kimisinin sinəsinə böyük qaya parçası qoyuldu, hətta onlardan bəzisi buraxıldıqda, ağrının şiddətindən otura bilmirdi. Onlara işgəncə verilərkən belə deyilirdi: “Sənin Allahdan savayı ilahın əl-Latdır.”

Yasir, onun zövcəsi Sumeyyə və oğlu Əmmara əzab verilərkən Allahın xəbis düşməni Əbu Cəhl Amr ibn Hişam qadının yanından keçərək nizə ilə onun qarnından vurub öldürdü.

Əbu Bəkr – Allah ondan razı olsun - ağası tərəfindən işgəncəyə məruz qalan bir qul gördükdə onu satın alıb azad edirdi. Onun azad etdikləri arasında Bilal və anası Həməmə, Amir ibn Fuheyra, Ummu Əbəs, Zənirə, Nəhdiyyə, onun qızı Adiyy oğullarının kənizi vardı. Bir gün Əbu Bəkrin atası Əbu Quhafə ona dedi: Ey oğul, görürəm ki, sən ancaq zəif qulları azad edirsən, bəlkə sənə dayaq olsunlar deyə güclüləri azad edəsən.” Əbu Bəkr ona: “Mən dilədiyimə nail olmaq istəyirəm” – deyə cavab verdi. Rəvayət edildiyinə görə onun fədakarlığı bu ayələrin nazil olmasına səbəb olmuşdur: “Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar. O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir. Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz. O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər. O, mütləq razı qalacaqdır!” (əl-Leyl, 17-21).

Rəsulullah – ona və ailəsinə Allahın salavatı və salamı olsun – Məkkədə səhabələrinin müşriklər tərəfindən hər cür işgəncələrə məruz qaldığını görürdü. Allahın hifzi, sonra əmisi Əbu Talibin himayəsi sayəsində qureyşlilər ona dəyib-dolaşmırdı. O, öz tərəfdarlarını bu əzablardan qoruya bilmədiyi üçün onlara buyurdu: “Həbəşistanda heç kəsə haqsızlıq etməyən bir hökmdar vardır. Onun ölkəsinə gedin və Allah sizə qurtuluş və çıxış yolu göstərənə qədər orada qalın!” (Siratu İbn Hişam, 1/334).

Beləliklə, bəzi müsəlmanlar Həbəşistana köçməyə başladılar. Onlar Həbəşistana hissə-hissə getdilər və orada bir yerdə toplaşaraq məskunlaşdılar. Onlardan bəzisi ailə üzvləri ilə, bəzisi də tək getmişdi. Bu, İslam tarixində ilk hicrət idi.

Müsəlmanlar Həbəşistana iki dəfə hicrət etmişdilər. İlk hicrət Osman ibn Əfvanın rəhbərliyi ilə peyğəmbərliyin beşinci ilinin rəcəb ayında, miladi tarixlə təqribən 615-ci ildə olmuşdur. On iki kişi və dörd qadından ibarət olan bir dəstə gecə Məkkə şəhərindən Qırmızı dənizə tərəf piyada yollandılar. Onlar sahilə çatdıqda, yarım dinara bir gəmini icarəyə götürdülər. Bu hicrətdə Osmanla birlikdə onun zövcəsi, Rəsulullahın qızı Ruqiyyə də iştirak edirdi.
Həmçinin, hicrət edənlər arasında Əbu Bəkr əs-Siddiq də var idi. Müsəlmanlar müsibət­lərə məruz qalmağa başla­dıqdan sonra Əbu Bəkr Həbəşistana hicrət etməyi qərara aldı. O, Məkkənin cənubunda, Yəmənə gedən yolun üstündə yerləşən Bərk əl-Ğimadaya gəlib çatdıqda Qarə qəbiləsinin başçısı İbn Dəğinəyə rast gəldi və o soruşdu: “Hara gedirsən, ey Əbu Bəkr?” Əbu Bəkr be­lə cavab verdi: “Həmqə­bilələrim məni qov­dular və mən də yer üzərində gə­zib dolaşaraq Rəbbimə ibadət etmək istəyirəm.” İbn Də­ğinə dedi: “Ey Əbu Bəkr, həqiqətən, sənin kimi bir adam heç yerə getməmə­li qovul­mamalıdır, axı, sən imkansızlara əl tutursan, qohumlarla əlaqə saxlayırsan, zəiflərə ağır yük­lərini daşımaqda kömək edirsən, qonağa yaxşı baxırsan, haqq yolunda insanlara yardım edirsən və məhz buna gö­rə mən səni öz himayəmə götürürəm. Geri qayıt və yaşadığın şəhərdə öz Rəb­­binə ibadət et!” Əbu Bəkr geri qayıtdı, onunla birgə ibn Dəğinə də gəldi. O, ax­şamçağı bütün adlı-sanlı qureyşlilərin yanında olaraq onlara dedi: “Əbu Bəkr kimi bir adam nə öz şəhərini tərk etməlidir, nə də qo­vul­ma­lıdır! Əcəba, siz imkansız­lara yardım göstərən, qohumları ilə əlaqə sax­la­yan, zəif­lərə ağır yüklərini daşımaqda kömək edən, qonağa yaxşı baxan və onlara ağır vəziyyətdən çıx­mağa kömək edən bir in­sa­nı­mı qo­vursunuz?” Qureyşlilər ibn Dəğinənin Əbu Bəkri himayəsi altına al­ma­sını rədd etmədilər, amma ona dedilər: “Əbu Bəkrə tapşır ki, Rəbbinə öz evin­də ibadət etsin. O, evində namaz da qıla bilər, Quran da oxuya bilər, baş­qa nə istəyirsə, edə bilər, lakin qoy o, öz ibadəti ilə bizə əziyyət verməsin və bu­nu açıq­lıqda etməsin, çünki biz onun arvad-uşaqlarımızı sapdıracağından qorxuruq!” İbn Dəğinə bunu Əbu Bəkrə çatdırdı və o bir müddət öz Rəb­binə evində ibadət etdi, daha heç yerdə açıq şəkildə namaz qılmadı, evindən baş­qa heç yerdə Quran oxumadı. Bir qədər sonra Əbu Bəkrin ağlına məscid tik­mək fikri gəldi və o bu məscidi öz evinin həyətində tikdi, orada na­maz qılmağa və Quran oxumağa başladı. Müşriklərin arvad-uşaqları isə onun ətrafına yığılır, onun hərəkətlərini təəccüblə nəzərdən keçirirdilər. Əbu Bəkr kövrək bir insan idi, Quran oxuyan zaman göz yaşlarını saxlaya bilmirdi. Bütün bunlar adlı-sanlı bütpərəst qu­reyş­­liləri qorxudurdu. Buna görə onlar İbn Dəğinənin arxasınca adam gön­dər­­dilər. O, müşriklərin yanına gəldikdə onlar ona dedilər: “Biz sənin Əbu Bək­rin hamisi olmağını bir şərtlə qəbul etdik ki, o öz Rəbbinə evində ibadət et­sin. Lakin o, bu şərti pozdu, evinin həyətində məscid tikdi və açıq şəkildə na­maz qılıb Quran oxumağa başladı! Biz artıq onun arvad-uşaqlarımızı sapdıracağından ehtiyat edirik. Ona tapşır ki, buna son qoysun!”

İbn Dəğinə Əbu Bəkrin yanına gəlib dedi: “Mə­nim səndən ötrü onlarla hansı şərtlərlə saziş bağlamağım sənə məlum­dur və bu­na görə də sən ya bu şərtlərə riayət etməlisən, ya da mənim hima­yəm­dən im­tina etməlisən, çünki mən istəmirəm ki, ərəblər mənim bir in­sa­nın müda­fiəsi ilə əlaqədar bağladığım müqavilənin pozulduğunu eşitsin­lər.” Əbu Bəkr ona dedi: “Mən səni himayəçilik öhdəliklərindən azad edi­rəm, çünki mənə Böyük və Qüdrətli Allahın himayədarlığı yetər!..” (Səhih əl-Buxari, 3906).

Beləliklə, Əbu Bəkr müşriklərin əzab-əziyyətlərinə dözərək Məkkədə Allahın elçisinin himayəsi altında qaldı.

Həbəşistanda olarkən orada məskunlaşan səhabələrə məkkəlilərin İslamı qəbul etmələri haqda xəbər çatdı. Onlardan bəziləri Məkkəyə qayıtdı və onlara verilən xəbərin doğru olmadığını gördülər.
Bu məqalənin ardını bu linkdən oxuyun:
Səhabələrin Həbəşistana növbəti hicrəti

Paylaş: