Səhabələrin Həbəşistana növbəti hicrəti

    08.11.2019

Bu məqalənin əvvəlini buradan oxuyun: Səhabələrin Həbəşistana ilk hicrəti
Həbəşistanda olarkən orada məskunlaşan səhabələrə məkkəlilərin İslamı qəbul etmələri haqda xəbər çatdı. Peyğəmbərliyin beşinci ilinin şəvval ayında onlardan bəziləri Məkkəyə qayıtdı. Lakin şəhərə bir günlük yoldan az bir məsafə qaldıqda xəbərin doğru olmadığı onlara bəlli oldu. Onlardan bəzisi yenidən Həbəşistana qayıtdı, qalanları isə ya gizli, ya da qureyşlilərdən kiminsə havadarlığı ilə Məkkəyə daxil oldular.

Bundan sonra müşriklərin müsəlmanlara qarşı apardıqları zyiq və işgəncə siyasəti daha da gücləndi. Belə olan vəziyyətdə Rəsulullah – ona və ailəsinə Allahın salavatı və salamı olsun - səhabələrə təkrarən Həbəşistana hicrət etməyi tövsiyyə etdi. Bu səfər səhabələrdən səksən üç kişi və on səkkiz qadın hicrət etdi. Həbəşistana olan növbəti hicrət əvvəlkidən daha çətin olmuşdu. Müşriklər müsəlmanların bütün hərəkətlərinə nəzarət edirdilər, lakin müsəlmanlar onları qabaqladılar və səfərlərini uğurla başa çatdırdılar.

Müşriklər müsəlmanların Nəcaşinin yanında etibarlı bir müdafiə tapdıqları ilə barışmaq istəmirdilər. Onlar müsəlmanları geri qaytarmaq üçün iki fərasətli adamı hədiyyələrlə Nəcaşinin yanına göndərdilər. Bu haqda mühacir qadınlardan olan Ummu Sələmə rəvayət edərək belə demişdir: “Biz Həbəşistanda məskunlaşdıqda Nəcaşinin xeyirxahlığının və qayğısının şahidi olduq. O, dinimizin əmin-amanlığına təminat verdi və biz heç bir əzab-əziyyət görmədən və təhqirlə üzləşmədən Uca Allaha ibadət edirdik. Bundan xəbər tutan qureyşlilər Nəcaşinin yanına iki fərasətli adam göndərmək və bizi geri qaytarmağı ondan xahiş etmək qərarına gəldilər. Onlar Nəcaşiyə Məkkənin ən dəyərli mallarından hədiyyələr təqdim etməliydilər. Məkkənin ona göndərdiyi ən dəyərli mal isə dəri sayılırdı. Qureyşlilər çoxlu dəri topladılar və Nəcaşinin patriarxlarını belə diqqətdən kənarda qoymayaraq hər biri üçün hədiyyə hazırladılar. Sonra qureyşlilər Abddullah ibn Əbu Rabiə və Amr ibn əl-As ibn Vaillə bu hədiyyələri Həbəşistana yolladılar və onlara verilmiş tapşırığı yerinə yetirməyi əmr edərək dedilər: “Nəcaşi ilə danışmazdan əvvəl hər bir patriarxın hədiyyəsini verin, yalnız bundan sonra Nəcaşinin hədiyyələrini təqdim edin onun müsəlmanlarla danışmazdan əvvəl onların geri qaytarılmasını istəyin.”

Abdullah ibn Rabiə və Amr ibn əl-As ibn Vail Həbəşistana Nəcaşinin yanına gəldilər. Nəcaşi ilə danışmazdan əvvəl onlar hər bir patriarxın hədiyyəsini verib dedilər: “Bizdən bir dəstə ağılsız adam öz tayfasının dinindən üz çevirərək Nəcaşinin ölkəsinə gəlmişdir. Onlar heç sizin də dininizi qəbul etmirlər. Onlar nə bizim, nə də sizin bilmədiyimiz yeni bir din gətirmişlər. Onların qəbiləsinin adlı-sanlı adamları onları geri qaytarmaq üçün bizi sizin hökmdarın yanına göndərdilər. Hökmdarla onlar barəsində danışarkən siz də ona məsləhət verin ki, müsəlmanlarla danışmadan onları bizə təslim etsin. Çünki, onların qəbiləsi onları daha yaxşı tanıyır və təqsirlərini daha yaxşı bilir.” Onlar dedilər: “Yaxşı.” Sonra onlar gətirdikləri hədiyyələri Nəcaşiyə təqdim edib dedilər: “Ey hökmdar! Bizdən bir dəstə ağılsız adam öz dinindən üz döndərib sənin ölkənə qaçmışdır. Onlar sənin də dinini qəbul etmirlər. Onlar nə bizim, nə də sənin bilmədiyin yeni bir din gətirmişlər. Bizi sənin yanına onların qəbilələrinin adlı-sanlı adamları - ataları, əmiləri və qohum-əqrabaları göndərərək səndən onları geri qaytarmağını istəyirlər. Qohum əqrabaları onları nəyə görə qınadıqlarını daha yaxşı bilirlər. Hökmdarın ətrafındakı əyanları da dedilər: “Bunlar haqlıdırlar, ey hökmdar! Qəbilələri onları nədə günahlandırdığını yaxşı bilirlər. Onları bu iki nəfərə təslim et, qoy onları öz ölkələrinə qəbilələrinin yanına qaytarsınlar!”

Nəcaşi qəzəblənərək dedi: “Yox! Mən onları təslim etməyəcəyəm! O insanlar ki, məni başqa hökmdarlardan üstün tutaraq mənə sığınıblar, onları təslim edə bilmərəm! Mən onları çağırıb bu iki nəfərin onların haqqında dediklərini soruşacağam! Əgər bu iki nəfərin onların haqqında dediyi düz olsa, o zaman onları öz qövmünə təslim edəcəyəm. Yox, əgər bunların dedikləri düz olmazsa, o zaman mən onları bu iki nəfərdən qoruyacağam, onlar mənə gözəl münasibət bəslədiyi kimi mən də onlara gözəl münasibət bəsləyəcəm. Sonra o, Rəsulullahın səhabələrinin dalınca adam göndərib onları sarayına dəvət etdi və özünün bütün yepiskoplarını da yanına topladı. Onlar öz vərəqələrini onun ətrafına sərdilər. Nəcaşi müsəlmanlardan soruşdu: “Bu nə dindir ki, ona görə siz öz qəbilənizdən ayrılmısınız, üstəlik nə mənim, nə də digər ümmətlərin dinini qəbul etmisiniz?”

Cəfər ibn Əbu Talib ona cavab verdi: “Ey hökmdar! Biz bütpərəst bir qövm idik, bütlərə ibadət edir, haram şeylər yeyir, zina edirdik, qohum-əqrabalarımızla əlaqələri kəsir, qonşularımıza pislik edir, aramızdakı güclülər zəif olanları əzirdi. Bu vəziyyətdə yaşadığımız zaman Uca Allah içimizdən bir nəfəri bizə elçi olaraq göndərdi. Onun əsil-nəsəbi, dürüstlüyü, etibar və qeyrət sahibi olması hamımıza bəllidir. O, bizi tək olan Allaha ibadət etməyə dəvət edir, əcdadlarımızın ibadət etdikləri bütləri – ağac və daş parçalarını tərk etməyimizi istəyir. O, bizim doğru söz danışmağımızı, əmanətə və qohumluq əlaqələrinə riayət etməyimizi, qonşularla mehriban davranmağımızı, haramlardan qan tökməkdən çəkinməyimizi istəyir. O, bizi əxlaqsızlıqdan, yalandan, yetim malını mənimsəməkdən, namuslu qadınlara böhtan atmaqdan çəkindirir, Uca Allaha ibadət edərək Ona heç bir şeyi şərik qoşmamağımızı buyurur, namaz qılmağa, zəkat verməyə və oruc tutmağa çağırır. Biz də onu təsdiq etdik və Allah tərəfindən gətirdiklərinə inanıb ona tabe olduq. Biz yalnız tək olan Allaha ibadət edib Ona heç bir şeyi şərik qoşmuruq, Onun bizə haram etdiyini haram, halal etdiyini də halal sayırıq. Buna görə də qövmümüz bizə düşmən kəsildi. Onlar bizi Allaha ibadət etməkdən çəkindirib bütlərə ibadət etməyə qaytarmaq və əvvəllər halal hesab etdiyimiz murdar şeyləri halal görməyimiz üçün bizə işgəncələr verir və bizi dinimizdən döndərirdilər. Onlar bizə zor tətbiq etdilər, bizə zülm edib həyatımızı dözülməz hala gətirdilər və dinimizə əməl etməmane oldular. Bu səbəbdən biz sənin ölkənə gəldik, səni başqalarından üstün hesab etdik, sənin himayən altında yaşamaq istədik, sənin yanında zülmə məruz qalmayacağımıza ümid etdik!”

Nəcaşi ona dedi: “Allah tərəfindən göndərilmiş bir ayə söyləyə bilərsənmi?” Cəfər ona Məryəm surəsinin ilk ayələrini oxumağa başladı. Bu ayələri eşidən Nəcaşi elə ağladı ki, hətta saqqalı da islandı. Bu ayələri eşidən yepiskoplar da ağladılar, onların vərəqələri də islandı.

Nəcaşi onlara dedi: “Bu ayələr Musanın gətirdiyi ayələrlə bir mənbədən qaynaqlanır!” Sonra o, həmin iki qureyşliyə: “İkiniz də çıxın gedin! Allaha and olsun ki, mən bu adamları sizə heç vaxt təslim etməyəcəyəm!” – dedi.

Onlar Nəcaşinin yanından çıxdıqda Amr ibn əl-As dedi: “Allaha and olsun ki, sabah mən Nəcaşiyə elə bir şey deyəcəyəm ki, müsəlmanlar onun gözündən düşəcəklər. Ondan fərqli olaraq daha mərhəmətli olan Abdullah ibn Əbu Rabiə ona dedi: “Etmə bunu! Axı, onlar bizdən ayrılsalar da bizim qohum-əqrabamızdır! Amr ibn əl-As dedi: “Allaha and olsun ki, ona xəbər verəcəyəm ki, onlar Məryəm oğlu İsanın qul olduğunu iddia edirlər.” Ertəsi gün o, Nəcaşinin yanına gəlib dedi: “Ey hökmdar! Onlar Məryəm oğlu İsa haqqında günah bir söz işlədirlər. Onların dalınca adam göndərib İsa haqqında nələr dediklərini soruş!”

Hökmdar müsəlmanların dalınca adam göndərdi və müsəlmanlar bir yerə toplaşdılar. Onlar bir-birilərinə dedilər: “Hökmdar sizdən İsa haqqında soruşduqda ona nə cavab verəcəksiniz?” Onlar dedilər: “Nə olursa, olsun, biz onun haqqında Allahın buyurduğunu və Peyğəmbərimizin gətirdiyini söyləyəcəyik.” Onlar hökmdarın sarayına daxil olduqda, hökmdar onlardan soruşdu: “Siz Məryəm oğlu İsa haqqında nə söyləyirsiniz?” Cəfər ibn Əbu Talib cavab verdi: “Biz onun haqqında Allah tərəfindən Peyğəmbərimizə nazil olanı söyləyirik: “O, Allahın qulu elçisidir, Onun iffətini qoruyan bakirə Məryəmə göndərdiyi ruhu və kəlməsidir.”

Nəcaşi əlinə bir çubuq götürüb yerdə bir xətt çəkdi və dedi: “Bizimlə onların arasında bu xətt qədər bir fərq vardır.” O, bunları söyləyəndə ətrafdakı patriarxlar deyinməyə başladılar. Hökmdar onlara dedi: “Deyinsəniz də, bu adamlar mənim ölkəmdə əmin-amanlıqda yaşayacaqlar. Onları təhqir edən rimələnəcək, onları təhqir edən cərimələnəcək, onları təhqir edən cərimələnəcək! Mən dağ boyda qızıldan imtina edərəm, amma bunların xətrinə dəymərəm! Bu elçilərin də hədiyyələrini özlərinə qaytarın, mənim onlara ehtiyacım yoxdur. Allah taxt-tacımı özümə qaytaranda məndən rüşvət almamışdı ki, mən də Ona görə rüşvət götürüm. Mən insanların istəyinə uyub Allahın hökmünə qarşı çıxa bilmərəm!” Amr və Abdullah özləri ilə gətirdikləri hədiyyələri götürərək Nəcaşinin yanından rəzil olmuş vəziyyətdə çıxdılar.

Ummu Sələmə sözünə davam edərək demişdir: Allaha and olsun ki, biz bir müddət əmin-amanlıq şəraitində yaşadıq. Lakin həbəşilərdən olan bir nəfər Nəcaşini taxt-tacından məhrum etmək üçün qiyam qaldırdı. Allaha and olsun ki, biz dərin bir hüzn içində idik. Bu hadisə bizi olduqca sarsıtmışdı, çünki qiyamçının Nəcaşi üzərində qələbə çalacağından onun Nəcaşi kimi bizə himayədarlıq etməyəcəyindən qorxurduq.”

Nəcaşi onun üzərinə yürüdü. Döyüş meydanı Nil çayının sahilindəki bir düzənlikdə idi. Rəsulullahın səhabələrindən biri dedi: “Kim döyüş meydanına gedib onlardan bizə bir xəbər gətirər?”

Zubeyr ibn əl-Əvvam: “Mən gedərəm!” - deyə dilləndi. O, müsəlmanların arasında yaşça ən gənc olanı idi. Zubeyr üçün bir su tuluğu götürdülər və şişirdərək sinəsinə bağladılar. O, tuluğun üstündə üzərək Nil çayının o biri tayına, iki ordunun qarşı-qarşıya gəldiyi yerə keçdi.

Ummu Sələmə demişdir: “Biz Nəcaşinin düşmən üzərində qələbə çalması, öz ölkəsində möhkəmlənməsi üçün Uca Allaha dua etdik və Nəcaşi qələbə çaldı. Biz isə onun yanında əmin-amanlıq şəraitində Məkkəyə, Allahın elçisinin yanına gələnə qədər yaşamaqda davam etdik.” (Musnəd İmam Əhməd, 22551).

Beləliklə, müşriklərin hiylələri uğursuzluqla nəticələndi. Onlar başa düşdülər ki, müsəlmanlara yalnız hakim olduqları ərazidə zor tətbiq edə bilərlər. Bu isə onları daha dəhşətli bir qərara gəlməyə sövq etdi. Onlar Allahın elçisini öz çağrışından imtina etməyə məcbur etməli və ya onu aradan götürməli idilər.

Nəcaşi Həbəşista­n hökmdarlarına verilən tituldur. Fars hökm­darlarına Xosrov, Rum hökm­­darlarına Qeysər, Misir hökmdarlarına Firon deyildiyi kimi. Bu Nəcaşinin adı Əshə­mə­dir. O, müsəlman olduğu halda hicrətin 9-ci ilin­də vəfat etmiş və Peyğəmbər qiyabi olaraq onun cə­nazə namazı qılmışdır. Əbu Hureyra rəvayət edir ki, Nəcaşinin vəfat etdiyi gün Peyğəmbər onun ölüm xəbərini səhabələrinə bildirdi. Sonra namazgaha gəlib camaatı cərgə­bəcər­gə düzdü və dörd dəfə təkbir gətirdi.” (əl-Buxari, 1245).

Paylaş: