Allah valideynlərin günahlarına görə övladı cəzalandıra bilərmi?
Sual:
Salam.Meni bir sual narahat edir. Eger uşağın 15 yaşı varsa yəni yetkinlik yaşını keçibse ve her hansı bir xestelik tutubsa bu valideyinin işlediyi her hansı bir günaha göre ola bilermi, yoxsa uşağın özü üçün bir imtahandı? Sağ olun.
Cavab:
Va aleykumus-sələm. Uca Allah heç kəsi başqasının etdiyi günaha görə cəzalandırmır. Hətta doğma valideynləri olsa belə. Bu xüsusda Uca Allah buyurur: "Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz". (əl-Ənam, 164). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Cinayətkarın qazandığı günah yalnız öz əleyhinədir. Ata etdiyi günahla övladına, övlad da etdiyi günahla atasına zərər verməz". (İbn Macəh, 2669). Bu ayədən və hədisdən görünür ki, valideynin etdiyi günahlara görə övlad cəzalanmır. Uşağın başına gələn müsibət və ya tutulduğu xəstəlik ya onun üçün bir imtahan, ya da etdiyi günahlara görə cəza ola bilər. Hər bir halda bu imtahanın və xəstəliyin arxasında onun üçün xeyir vardır. Uca Allah buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz". (əl-Bəqərə, 216). Həmçinin oxuyun: