Zina edən insan cəza olaraq özü-özünü öldürə bilərmi?
Aleykum salam. Etdiyi günahın böyüklüyündən asılı olmayaraq Uca Allah tövbə edənin günahını bağışlayır. Uca Allah bu xüsusda buyurur: "Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər". (ən-Nisa, 110). İbn Kəsir bu ayənin təfsirində deyir: "Uca Allah bu ayədə səxavətini ifadə edərək etdiyi günahın növündən asılı olmayaraq, tövbə edənin tövbəsini qəbul edəcəyini xəbər verir və buyurur: "Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər".
İbn Abbas (Allah ondan razı olsun) bu ayə barədə belə demişdir: "Uca Allah bu ayədə qullarına qarşı həlim, əfv edən, səxavətli, geniş mərhəmətə və məğfirətə sahib olduğunu xəbər verir. Kiçik və ya böyük olmasından asılı olmayaraq kim günah bir iş görər, "sonra da Allahdan bağışlanma diləyərsə", etdiyi günahları göylərdən, yerdən və dağlardan böyük olsa belə, "Allahın bağışlayan, rəhmli olduğunu görər".
Zinakarın cəzalandırmasına gəlincə, bu, hakimlərə aiddir. Günah edən insanın özü-özünü öldürməsi və ya kimdənsə bunu xahiş etməsi qadağandır. İnsanın özü-özünü öldürməsi böyük günahdır. Uca Allah buyurur: "Özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı rəhmlidir". (ən-Nisa, 29). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim özünü dağdan atıb canına qəsd edərsə, Cəhənnəm odunda özünü daima yuxarıdan aşağı atar və orada əbədi olaraq qalar. Kim zəhər içib özünü öldürərsə, Cəhənnəm odunda o zəhəri əlində tutub həmişə zəhər içər və orada əbədi olaraq qalar. Kim dəmir parçası ilə öz canına qəsd edərsə, Cəhənnəm odunda bu dəmir parçasını daim qarnına soxar və orada əbədi olaraq qalar". (Səhih əl-Buxari, 5778).
İslam alimləri zina edən insanın tövbə edib günahını gizlətməsinin və yaxşı əməllərini çoxaltmasının günahını etiraf etməsindən daha yaxşı olduğunu bildirmişlər. Bu səbəbdən əgər tövbə etmisinzsə və tövbənizdə səmimisinizsə, Uca Allah sizi bağışlayacaq. Yaxşı əməlləri - nafilə ibadətləri, orucları çoxaldın. Çünki yaxşı əməllər pis əməlləri silir. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114). Həmçinin oxuyun:
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Zina və ondan necə qorunmaq haqqında
Ailəli qadın zinadan necə tövbə etməlidir?