Sədəqə verdiyini kiməsə bildirmək günahdırmı?

    27.04.2020
Kimdən: 
....
Sual: 
Salam. Deməli mən 1 nəfər ehtiyacı olan xəstəyə pul vermişdim. Yəni bank hesabına köçürmüşdüm 20 Azn. Bilirəm ki, elədiyin yaxşılığı gizli saxlamalısan. Deyirler sağ əlin verdiyini sol əl bilməsin. Mən bunu 3 nəfər adama dedim. 1)qrup yoldaşıma bilərəkdən dedimki, o da yardım eləsin. Bir növ həvəsləndirmək üçün. 2) anama-atama. Bir anlıq yadımdan çıxdı və dedim.Sonradan peşman oldum çox 3) otaq yoldaşıma çaşaraqdan dedim , və o anda yadımdan çıxdı verdiyim məbləğ, bir anlıq elə bildim 40 azn vermişəm. Elə 40 man dedim. Bundan sonra da çox peşman oldum. İndi bu 3 ayrı şəxsdə mənim günahım nə qədərdir. Yəni 1ci de nəyə görə günah qazandım, 2 cide nəyə görə, 3 cüde nəyə görə?
Cavab: 

Aleykum salam. Etdiyin yaxşılıqları gizlətmək riyadan uzaq olmaq üçün daha yaxşıdır. Lakin, insanları xeyir işlərə rəğbətləndirmək və başqa müəyyən səbəblərə görə etdiyin yaxşılığı bildirmək günah sayılmır. Uca Allah buyurur: "Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır". (əl-Bəqərə, 271).

Təfsir alimi İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayəni izah edərkən demişdir: "Uca Allah buyurur: "Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl", yəni sədəqələri aşkar şəkildə verməyiniz gözəl əməldir. Sonra buyurur: "Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar". Bu ayə dəlalət edir ki, sədəqəni gizlində vermək aşkarda verməkdən daha fəzilətlidir, çünki, belə etdikdə, insan riya (göstəriş) təhlükəsindən daha uzaq olur. Lakin, əgər insanlar üçün yaxşı əməli mənimsəmək kimi bir faydası olarsa, bu halda aşkarda vermək daha yaxşı olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Quranı səslə oxuyan aşkarda sədəqə verən, Quranı səssiz oxuyan isə gizlində sədəqə verən kimidir". (ət-Tirmizi, 2919, 3169). Əslində isə bu ayəyə görə sədəqəni gizlində vermək daha əfzəldir. Həmçinin, əl-Buxari və Muslimin Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etdikləri səhih bir hədis buna dəlalət edir. Bu hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Yeddi qisim insan var­ ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gün­də Öz kölgəsi altında kölgələndirəcək: (bunlar) ədalətli rəhbər, Rəbbinə iba­dət etməklə bö­yüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatiri­nə sevən, Onun yolunda birləşib, Onun yolunda ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: "Mən Allah­dan qorxuram!" – deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan insan". (Səhih Muslim, 1031). Bu ayə ümumi olaraq gizlində verilən sədəqənin daha üstün olmasına dəlalət edir. İstər bu sədəqə fərz olan zəkat, istərsə də nafilə (adi sədəqə) olsun, fərqi yoxdur".

Digər bir hədisdə Cərir ibn Abdullah rəvayət etmişdir ki: “Günorta vaxtı Peyğəmbərin yanında idik. Onun yanına ayaqyalın, aslan dərisi rəngli yun əbalarını başların­dan keçirərək geyinmiş, qılıncları əllərində olan və əksəriyyəti Mudar qəbiləsindən və ya hamısı Mudardan olan bir dəstə adam gəldi. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) onların bu halını görəndə üzünün rəngi dəyişdi. İçəri daxil oldu, sonra qabağa çıxaraq Bilala azan verməsini əmr etdi. İqamə verildi və namazı qıldı, sonra xütbə verərək belə buyurdu: “Ey insan­lar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlar­dan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” və ayəni sonuna kimi oxudu: “Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!” Sonra “Həşr” surəsindəki: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın” ayəsini oxudu və belə dedi: “Kişi dinarından, dirhəmindən, paltarından, bir saa buğdasından, bir saa quru xurmasından sədəqə verməlidir. Yarım xurma olsa belə, sədəqə versin.” Elə bunu demişdi ki, ənsarlardan olan bir kişi əlində güclə daşıdığı, hətta gücü çatmadığı bir kisə ilə gəldi və onu sədəqə verdi. Sonra onun ardınca insanlar da gətirməyə başladılar. Nəticədə yemək və geyimdən ibarət iki təpə yığıldığı vaxt, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) üzünün qızıl parıltısı kimi parıldadığını gör­düm”. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: “Kim İslamda yaxşı bir işə (yol açarsa, sövq edərsə, dəlalət edərsə) cığır açarsa, ona onun savabı və ondan sonra bu əməli edənin savabından heç bir şey naqis etmədən bir savab yazılar. Və kim İslamda pis bir işə cığır açarsa, ona onun günahı və ondan sonra bu əməli edənin günahın­dan heç bir şey naqis olmadan bir günah yazılar” (Muslim, 1017). Hədisdən gördüyümüz kimi Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bu səhabənin insanların qarşısında sədəqə verməsini tərifləmişdir.

Həmçinin oxuyun:
Malınızdan Allah yolunda xərcləyin
Sədəqə və zəkat haqqında
Riyakarlıq hissindən necə xilas ola bilərəm?

Teqlər: 
Paylaş: