əl-Buxari və Muslimdə gələn səhih bir hədisi necə başa düşək?

    15.05.2020
Kimdən: 
Ruslan
Sual: 
Salam eleykum. Bir hedis qarsima cixdi Sekke dusdum. Sehih buxaride hedis 4240 4241 ci hedislerde deyirki Eli r.a omer r.a gormekden zehlesi gedirdi. Ve sehih muslimde qeyd olunubki ibn abbasla eli ebu bekr ve omeri xain gunahkar yalanci hiyleger adlandiriblar. Bu hedisler menbelerine esasen sehihdirler. Bunu biz nece basa dusek? Vessalamu eleykum
Cavab: 

Aleykum salam. Sualda qeyd etdiyiniz hədisin tam mətni belədir: "Malik ibn Ovs (Allah ondan razı olsun) belə rəvayət edir: "Bir dəfə Ömər ibn əl-Xattab (Allah ondan razıolsun) mənə xəbər yol­ladı və mən günəş yüksələn bir vaxtda onun yanına gəldim. Onu evində, çarpa­yısında xurma lifindən olan bir döşəyin üzərinə uzanmış halda gördüm. Dəridən bir yastığa söykənmişdi. Mənə belə buyurdu: "Ey Malu (yəni, Malikin kiçildil­miş forması)! Məsələ budur ki, sənin tayfandan olan bəzi ev sahibləri tələsik gəldilər. Mən onlara az bir şey verilməsini əmr etdim. Bunu götür, onlar arasında böl!" Mən ona belə dedim: "Bəlkə bunu məndən başqasına buyurasan?!" O belə dedi: "Bunu götür, ey Malu!" Bu vaxt onun keşikçisi girərək belə dedi: "Ey möminlərin əmiri, sən Osman, Abd ər-Rahman ibn Auf, Zubeyr və Səada izin verirsən?" O: "Bəli!" - deyə buyurdu və onların girməsinə izin verdi. Onlar içəri daxil oldular. Sonra keşikçi yenə gələrək belə dedi: "Abbas və Əliyə də izin verirsən?" O: "Bəli!" deyə buyurdu və onların girməsinə izin verdi. Abbas belə buyurdu: "Ey möminlərin əmiri, mənimlə bu yalançı günah­kar, vəfasız və xain arasında hökm ver!" Yanındakılar belə dedilər: "Bəli, ey möminlərin əmiri, onlar arasında hökm ver və onları rahatlığa qovuşdur". (Malik ibn Ovs belə demişdir: "Mənə elə gəlir ki, onlar bu camaatı buna görə əvvəlcədən göndərmişdilər.") Ömər belə buyurdu: "İkinizdə durun! Sizi yeri və göyü var edən Allaha and verirəm: "Peyğəmbərin belə buyurduğunu bilirsinizmi: "Biz peyğəmbərlər miras qoymarıq. Özümüzdən sonra tərk etdiyimiz mal-dövlət sədəqədir?" Onlar: "Bəli!" deyə cavab verdikdə, o, Abbas və Əliyə tərəf çevrilərək belə dedi: "Sizi yeri və göyü var edən Allaha and verirəm, Peyğəmbərin belə dediyini bilirsinizmi: "Biz peyğəmbərlər miras qoymarıq. Özümüzdən sonra tərk etdiyimiz mal-dövlət sədəqədir?" Onlar: "Bəli!" deyə cavab verdikdə, Ömər belə dedi: "Uca Allah Peyğəmbərinə elə bir xüsusiyyət bəxş etmiş­dir ki, bunu ondan başqa heç bir kəsə bəxş etməmişdir. Uca Allah buyurur: "Allah Öz Peyğəmbərinə məmləkətlərin əhalisindən verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olana)... məxsusdur". (əl-Həşr, 7). Mən bilmədim, o bundan əvvəlki ayəni oxudu və ya oxumadı. Sonra belə dedi: "Peyğəmbər Bənu Nadir qəbiləsinin malını sizin aranızda böldü. Allaha and olsun ki, sizdən heç nəyi əsirgəmədi. Nə də sizi tərk edib, onu özünə götürmədi. Peyğəmbər ondan yalnız illik nəfəqəsini (ehtiyacı olduğunu) alır və qalanını isə Beyt əl-Mala (müsələmanların ümumu malı olan xəzinəyə) qoyurdu. Sizi Allaha and verirəm, məgər bunu bilirsinzmi?" Onlar: "Bəli, bilirik!" deyə cavab verdilər. Sonra Abbas və Əliyə də camaata and verdiyi (sual) kimi dedi. Onlar da: "Bəli!" deyə cavab verdikdə, Ömər dedi: "Sonra Peyğəmbər vəfat etdikdə Əbu Bəkr belə buyurdu: "Mən onun xəlifəsiyəm." Və siz gəldiniz. Sən qardaşın oğlundan mirasını istəyirdin. Bu isə arvadının ata mirasını istəyirdi. Əbu Bəkr dedi: "Peyğəmbər belə demişdir: "Biz peyğəmbərlər miras qoymarıq. Nə tərk etmişiksə, o sədəqədir!" Siz onun da yalançı, günahkar, vəfasız olduğunu hesab etdiniz! Hal­buki, Uca Allah onun sadiq, ağlı başında, haqqa tabe olan olduğunu bilir. Sonra Əbu Bəkr vəfat etdi və ondan sonra mən Peyğəmbərin və Əbu Bəkrin xəlifəsi oldum. Siz mənim yalançı, günahkar, vəfasız olduğumu düşündünüz! Uca Allah mənim sadiq, ağlı başımda, haqqa tabe olan olduğumu bilir. Sonra mən bu işi (xəlifəliyi) üzərimə aldım. Sən və bu (Əli) yanıma gəldiniz. Siz ikiniz birsiniz və işiniz də birdir. Məndən onu (mirası) sizə verməmi istədiniz. Mən sizə: "İstəyirsinizsə onu sizə verərəm, lakin bir şərtlə ki, onunla Peyğəmbərin etdiyi kimi edəcəksiniz! Siz onu bu şərtlə aldınız! Eləmi!" Onlar: "Bəli!" dedilər. O, belə buyurdu: "İndi isə gəlmisiniz ki, sizin aranızda hökm kəsim. Xeyr, Allaha and olsun ki, qiyamət qopana kimi bundan qeyri bir hökm kəsməyəcəyəm. Əgər bunda acizsinizsə, onu mənə qaytarın!" (Səhih Muslim, 1757; Səhih əl-Buxari, 3094, 4033).
Bu, Muslimin rəvayətidir. əl-Buxari də eyni olan hədisin mətnini bir qədər fərqli olaraq rəvayət etmişdir. Hədisin səhih olmasına şübhə edilmir. Lakin hədisə diqqətlə nəzər salsaq görərik ki, Əli və Abbas heç də Əbu Bəkr və Öməri yalançı, günahkar və vəfasız adlandırmamışlar. Bu, Ömərin onların narazı qaldıqlarına görə gəldiyi qənaətidir. Yəni siz Əbu Bəkrin və mənim verdiyim hökmdən narazı qalmağınızla bizim yalançı, günahkar, vəfasız olduğumuzu hesab etdiniz. Çünki əgər kimsə bir kəsin düzgün hökm vermədiyini iddia edirsə, demək o, həmin adamı yalançılıqda və xəyanətdə ittiham etmiş olur. Ömər də məhz bunu bildirmək istəmişdir. Hədisdə Ömər: "Siz mənə yalançı, günahkar və vəfasız dediniz" demir, "Siz mənim yalançı, günahkar, vəfasız olduğumu düşündünüz!"- deyir.
Həmçinin hədisdə heç də Əlinin Ömərdən (Allah onların hər ikisindən razı olsun) zəhləsi getməsi bildirilmir. Əksinə, Əlinin Abbasla aralarında baş verən anlaşılmazlığı həll etmək üçün məhz Ömərin yanına gəlməsi və onun hökm verməsini istəməsi Əlinin Ömərə olan hörmətindən irəli gəlirdi. Həmçinin oxuyun:
Səhabələr kimlərdir?
Əbu Bəkr əs-Siddiq
Ömər ibn Xəttab
Əli ibn Əbu Talib

Teqlər: 
Paylaş: