Xəstə olmadığı halda xəstəlik adı ilə pensiya düzəltmək olarmı?
Aleykum salam. Xəstə olmadığı halda yalandan xəstəlik adı ilə dövlətdən pensiya alan şəxs haqsız yerə mal yemiş sayılır və bu böyük günahdır. Çünki o, dövləti aldadaraq layiq olmadığı pulu dövlətdən alır. Uca Allah Quranda haqsız yerə mal yeməyi qadağan edərək buyurur: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla, mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı rəhmlidir". (ən-Nisa, 29). İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində deyir: "Uca Allah bu ayədə mömin qullarına öz aralarında mallarını haqsızcasına, yəni sələm, qumar və bunlara bənzər şəriətlə icazəli olmayan hiyləli qazanc yolları ilə mənimsəməyi qadağan edir. Bu qazanc yolları hökm baxımından zahirən şəriətə uyğun görünsə də, Uca Allah bu yolun sələmə aparan hiylə olduğunu və buna əl atanın sələm məqsədilə etdiyini bilir. ... Uca Allah buyurur: "...və özünüzü öldürməyin", yəni Allahın haram buyurduqlarını və günah saydığı əməlləri etməklə, habelə mallarınızı öz aranızda batil yollarla yeməklə özünüzü öldürməyin. "Həqiqətən, Allah sizə qarşı rəhmlidir", yəni şübhəsiz ki Allah, əmr etdiyi və qadağan etdiyi şeylərdə sizə qarşı rəhmlidir". Bu səbəbdən bu yolla alınan pul haram sayılır. Bunu edən şəxs dərhal bu puldan imtina etməli və etdiyi əmələ görə tövbə etməlidir.
O ki, qaldı sizin haram pul qazanılan bir evdə yaşamağınıza və bu pulla alınmış qidadan yeməyinizə, bu sizə günah sayılmır. Haram qazanca görə pul sahibi məsuliyyət daşıyır. Çünki, siz bu qidadan pul sahibinin könül xoşluğu ilə yeyirsiniz. Haram qazancı olan şəxsin evində yemək və ondan hədiyyə qəbul etmək icazəlidir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öz dövründə yəhudilərdən və kafirlərdən hədiyyələr qəbul edirdi və onların bişirdiklərindən yeyirdi. Baxmayaraq ki, onlar sələm kimi bəzi haram yollarla pul qazanırdılar. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Xeybəri fəth edərkən yəhudilər ona bişmiş qoyun əti verdilər və Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu qəbul etdi. (Səhih əl-Buxari, 4428). Həmçinin oxuyun:
Əri haram yolla pul qazanan qadın nə etməlidir?
Ərimin mərc oyunlarından pul qazanması mənə günahdırmı?