əl-Bəqərə surəsi 54-cü ayənin təfsiri
Aleykum salam. Uca Allah əl-Bəqərə surəsinin 54-cü ayəsində buyurur: "O zaman Musa öz qövmünə dedi: "Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir". O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir". (əl-Bəqərə, 54).
Burada "özünüzü öldürün" deyildikdə, "içinizdən buzova sitayiş etməyənlər, Allaha şərik qoşub buzova sitayiş edənləri öldürsün" mənasındadır. Musa (Allahın ona salam olsun) İsrail oğullarını Fironun zülmündən xilas etdikdən sonra Allahın ona vəd etdiyi vaxta yetişmək üçün bir müddət onları qoyub getdi və onlara qardaşı Harunu başçı təyin etdi. Bu barədə Uca Allah buyurur: "Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı". (əl-Əraf, 143). Bu əsnada onun qövmündən bir qrup insan yolundan azaraq özləri ilə gətirdikləri qızıl-zinət əşyalarından buzov düzəltdilər və ona sitayiş etməyə başladılar. Uca Allah buyurur: "Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdi. Məgər bu heykəlin onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? Buna baxmayaraq ona məbud kimi sitayiş edib zalımlardan oldular. Onların əlləri yanlarına düşdükdə (tutduqları işə görə peşman olduqda) və haqq yoldan azdıqlarını gördükdə: "Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq" – dedilər. Musa qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdıqda dedi: "Məndən sonra necə də yaramaz işlər görmüsünüz! Rəbbinizin əmrini qabaqlamaq istədiniz?" Musa lövhələri tulladı və qardaşının başından yapışıb özünə tərəf çəkdi. Qardaşı dedi: "Ey anamın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldürəcəkdi. Məni rüsvay etməklə düşmənləri sevindirmə. Məni zalımlara tay tutma". (əl-Əraf, 148-150). Uca Allah da tövbələrinin qəbul olunması üçün onlardan buzova sitayiş etməyənlərin, buzova sitayiş edənləri öldürməsini əmr etdi. İbn Kəsir bu ayələrin təfsirində demişdir:
"Bu ayədə, Uca Allah İsrail oğullarının buzova ibadət etdikdən sonra tövbələrini necə qəbul etməsindən danışır".
Həsən əl-Bəsri isə bu ayənin təfsirində belə demişdir: "Bu sözü Musa onlara buzova ibadət etdiklərinə görə ürəklərində peşmançılıq hissi keçirdikləri zaman demişdir. Necə ki, Uca Allah bu barədə bir başqa ayədə buyurur: "Onların əlləri yanlarına düşdükdə (tutduqları işə görə peşman olduqda) və haqq yoldan azdıqlarını gördükdə: "Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq" – dedilər". (əl-Əraf, 149). Bundan sonra Musa onlara demişdir: "Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin".
Ayədə Musa "Yaradanınıza tövbə edin" - deməsi ilə İsrail oğullarının diqqətini günahlarının böyük olmasına yönəltmişdir. Yəni, sizi Yaradana tövbə edin! O, sizi yaratdığı halda siz Ondan başqasına ibadət etdiniz". Həmçinin oxuyun: Musa peyğəmbərin hekayəsi