əl-Fəth surəsinin 29-cu ayəsində "möhür" sözü varmı?

    24.06.2020
Kimdən: 
Mexluq
Sual: 
Meallar : Bünyadov Memmedeliyev. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Elixan Musayey ve Mealında Möhür sözü yoxdur. Bunu izah ede bilersiniz Qurana elave söz artırılıb bu günah sayılır?
Cavab: 

Salam aleykum. Sualda qeyd etdiyiniz ayə əl-Fəth surəsinin 29-cu ayəsidir. Bu ayədə Uca Allah Muhəmməd Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) itaət edən və ona tabe olanların vəsflərindən danışır və bildirir ki, Peyğəmbərlə birlikdə olanlar çox namaz qılarlar və çox namaz qılmaqdan alınlarında səcdə izi var. Uca Allah buyurur: "Muhəmməd Allahın rəsuludur. Onunla birlikdə olanlar ka­fir­lə­rə qarşı sərt, öz arala­rın­da isə mərhəmətlidirlər. Sən onları rüku edən, səc­dəyə qa­pa­nan, Allahdan lütf və razılıq diləyən gö­rər­sən. Əla­mətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəs­fidir. İn­cildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cü­cərtisini üzə çı­xarıb onu qüv­vətləndirmiş, o da get­dik­cə qa­lın­laşıb gövdəsi üstün­də şax du­ra­raq əkinçiləri heyran et­mişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qə­zəblən­dirsin. Allah onlardan iman gə­tirib yaxşı iş­lər gö­rən­lərə ba­­ğışlanma və böyük bir mü­kafat vəd etmiş­dir". (əl-Fəth, 29). Ayənin ərəb dilində olan orijinal variantında "möhür" sözü yoxdur. Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsində mötərizədə yazılanlar Qurana verilən açıqlamadır və bu açıqlama bəzən sonradan kitabı çap edənlər tərəfindən dəyişdirilmiş ola bilər. Necə ki, bu dəyişdirmə əl-Maidə surəsinin 6-cı ayəsində, dəstəmazla əlaqəli ayədə baş vermişdir. Belə ki, Z. Bünyadov və V. Məmmədəliyevin tərcüməsinin köhnə variantında (Azərnəşr, 1992) ayə doğru olaraq tərcümə edilmiş və "ayaqlarınızı topuqlarınıza qədər yuyun" yazılıb, mötərizədə isə (və ya yaş əllə məsh edin) yazılıb. Lakin, yeni nəşrlərdə biz bu ayənin dəyişdirilərək "ayaqlarınızı topuqlarınıza qədər məsh edin" (və ya yuyun) yazıldığının şahidi oluruq. Bu, şübhəsiz ki, Uca Allahın ayəsini dəyişdirmək sayılır. Bu əməl sözsüz ki, böyük günahdır və insanları Uca Allahın ayədə qəsd etdiyi mənadan yayındırmaqdır. Uca Allah Quranda belə edənləri hədələyərək buyurur: "Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: "Bu, Allah tərəfindəndir!" - deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!" (əl-Bəqərə, 79). Həmçinin oxuyun:
Quranın Azərbaycancaya mənaca tərcüməsində mötərizədə yazılanlar nədir?
Qurani-Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi

Teqlər: 
Paylaş: