Allaha verdiyi vədi yetirə bilməyənin kəffarəsi nədir?

    26.08.2020
Kimdən: 
...
Sual: 
Salam, müstəhəb əməllə bağlı Allaha söz vermişəm ama hər gün edə bilmirəm çətinlik çəkirəm.Günah qazanıram belə olanda? Verdiyim sözü geri ala bilərəmmi? 2.Allaha əhəmiyyəti olmayan sözlər verirəm bəzən bunlar mənə günah qazandırırmı vəsvəsədirmi?Çox sağ olun
Cavab: 

Və aleykum Salam.
1) Bir insanın müstəhəb bir əməli yerinə yetirəcəyi barədə Allaha söz verməsi Dinimizdə "Nəzir" adlanır. Nəzir barədə ətraflı bu linkdən oxuyun: Nəzir haqqında
Nəziri yerinə yetirmək vacibdir, lakin əgər insan Allaha verdiyi sözü (nəzri) yerinə yetirməkdə acizdirsə, yəni nəzrini yerinə yetirmək ona çətindirsə, bu halda and içən sonra andını yerinə yetirə bilməyən insanın verdiyi kəffarəni verməlidir. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) buyurur: "Nəzirin kəffarəsi andın kəffarəsi kimidir". (Səhih Muslim, 1645). Andını pozan aşağıdakı kəffarələrdən birini verməlidir: 

  1. Ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq.
  2. Yaxud geyindirmək.
  3. Yaxud da bir kölə azad etmək.

Buna gücü çatmayan isə üç gün oruc tutmalıdır. Uca Allah buyurur: "Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etnəz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andı pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir". (əl-Maidə, 89). Daha ətraflı: Andın kəffarəsi

2) Birinci sualın cavabında qeyd etdiyimiz kimi Allaha bir şeyi söz vermək nəzir sayılır. Nəzir şəriət baxımından icazəli olsa da bəyənilməyən əməldir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Nəzir heç nəyi dəyişmir. Sadəcə olaraq nəzirlə paxıldan mal çıxarılır". (Səhih əl-Buxari, 6692; Səhih Muslim, 1639.) Həmçinin oxuyun: Etdiyim nəziri yerinə yetirə bilmirəm, nə edim?

Teqlər: 
Paylaş: