İnsan nə üçün Allaha itaət etməlidir?
Aleykum salam. Uca Allah insanı yoxdan var etmişdir və insan yaranmamışdan əvvəl heç bir şey idi. Allah onu yaratmaqla ona nemət verdi və onu bir şəxsiyyət kimi meydana çıxartdı. Uca Allah insanı insan olaraq yaratmaqla onu şərəfləndirmişdir, çünki insan Uca Allahın yaratdığı ən üstün məxluqdur. Əbu Bəkr ibn Abdul-Əziz demişdir: "Mələklər şüurlu, lakin şəhvətsiz yaradılıb. Heyvanlar isə süursuz, lakin şəhvətli yaradılıb. İnsan isə həm süurludur, həm də şəhvət hissinə malikdir. Kimin şüuru şəhvətini üstələyərsə, o kəs mələklərdən daha üstündür. Kimin şəhvəti şüuruna üstün gələrsə, heyvandan daha pis olar". (Fətava, 15/428). İnsanı üstün edən, onun Rəbbinə itaətidir. Əgər insan Rəbbinə itaət edərsə, varlıqların ən üstünü olar, əgər itaət etməzsə varlıqların ən rəzili olar. Uca Allah buyurur: "Biz insanı ən gözəl surətdə yaratdıq! Sonra isə onu aşağı qatların ən aşağısına salacağıq. Yalnız iman gətirib yaxşı işlər görənlər istisnadır! Onlar üçün tükənməz mükafat hazırlanmışdır". (ət-Tin, 4-5).
Həmçinin Uca Allah buyurur: "Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan qorxub imtina etdilər. İnsan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir. Bu əmanət insana ona görə verildi ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınlari cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah bağışlayandır, rəhmlidir". (əl-Əhzab, 72-73). Bu ayənin təfsirində deyilir: "Uca Allah bu ayədə insanların öz Rəbbi qarşısında hiss etməli olduqları məsuliyyətin mühümlüyünü xüsusilə qeyd edir. Bu məsuliyyət, insanın Allahın hökmlərini yerinə yetirməsidir ki, o bunu nə təklikdə, nə də insanların arasında olduqda unutmamalıdır. Uca Allah kainatı xəlq etdikdən sonra göylərə, yerə və dağlara bu məsuliyyəti öz üzərilərinə götürməyi təklif etdi və bu nəhəng varlıqlara Allahla bağlayacaqları əhdə sadiq qaldıqları təqdirdə, onları mükafatlandıracağını, əhdi pozduqları təqdirdə isə cəzalandıracağını vəd etdi. Lakin bu varlıqlar Allah qarşısında bu məsuliyyəti öz üzərlərinə götürməkdən imtina etdilər. Göylərin və yerin bundan imtina etmələri, Uca Allaha itaətsizlik etmək və ya bol mükafatdan imtina etmək deyildi. Məsələ orasındaydı ki, göylər, yer və dağlar qorxmuşdular ki, Onun qarşısında yerinə yetirməli olacaqları bütün vəzifələri yerinə yetirə bilməsinlər. Belə olduqda, Allah Öz hökmlərini yerinə yetirməyin məsuliyyətini eyni şərtlərlə insana təklif edir. Təbiətən insan cahilliyə və ədalətsizliyə meyilli olmasına baxmayaraq, bu şərtlərlə razılaşmış və Allah qarşısında bu vəzifələrin ağır məsuliyyət yükünü öz çiyinlərinə götürmüşdür. Sonralar insanlar Allah ilə bağladıqları əhdlərinə sadiqliyin dərəcəsindən asılı olaraq üç qrupa bölündülər. Bunlar: Allah qarşısında vəzifələrini yerinə yetirdiklərini yalnız üzdə göstərmək istəyən, amma ürəklərində onlara kin-küdurət bəsləyən münafiqlər; Allah qarşısında vəzifələrini yerinə yetirməyə açıq etinasızlıq göstərən kafirlər və Rəbbinin hökmlərini qəlbən və bədən əzaları ilə yerinə yetirən müsəlmanlar idilər. Əzəmətli Quranda Uca Allah bu üç qrup insanın əməllərini təsvir etmiş və onları etdikləri əməllərinə görə necə mükafatlandıracağını xəbər vermişdir". Həmçinin oxuyun: