Zina, yalan, iftira, qeybət, valideynə asilik və digər böyük günahlar edəni Allah bağışlayarmı?
Və aleykum Salam. Uca Allah tövbə edənin etdiyi günahlarının çoxluğuna və böyüklüyünə baxmayaraq tövbəsini qəbul edir. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun!" (əz-Zumər, 53-55). Etdiyiniz günahdan əlavə kiminsə haqqına girmisinizsə, bu halda həmin insandan halaqllıq almalı, bu mümkün olmadıqda onun üçün Allaha çoxlu dua etməlisiniz. Təfsir alimi Abdur-Rahmən əs-Sadi yuxarıdakı ayənin təfsirində demişdir: "Yəni, "Ey Muhəmməd! Ey haqq dinin təbliğatçıları! Mənim, çoxlu günah işlədən və özlərinə zərər vurmaqda həddi aşan qullarıma Uca Rəbbin hüdudsuz rəhməti və hər şeyi bağışlaması haqqında xəbər verin! Onları günahlarını tövbə etmək üçün bu gözəl imkandan məhrum olmayana qədər çağırın. Onlar öz nəfslərinə tabe olub, hər şeyi Bilən Rəbbə itaətsizlik edirlər və Onun qəzəbinə səbəb olan əməllər edirlər. Lakin onlar Allahın mərhəmətindən ümidlərini kəsməməli və bununla özlərini daha böyük təhlükəyə məruz qoymamalıdırlar. Onlar deməməlidirlər ki, həddən artıq günahlar etmişlər və ya qurtula bilməyəcəkləri hədsiz qüsurlara malikdirlər. Belə ümidsizlik günahkarlara tövbə etməkdə, itaətsizlik burulğanından çıxmaqda maneçilik törədir. Nəticədə, onlar Mərhəmətli Allahın qəzəbindən başqa bir şey əldə edə bilmirlər. Buna görə günahkarlara Allahın hədsiz mərhəməti barədə ümidsizliyə qapılmağa imkan verməyin və Onun mərhəməti və rəhmliliyinə dəlalət edən gözəl ilahi adlarını dərk etməkdə onlara yardım göstərin.
İnsan tövbə edən kimi, Uca Allah onun bütün böyük və kiçik günahlarını, hətta Allaha şərik qoşmasını, qətl törərməsini, zina etməsini, faiz yeməsini və başqalarına zülm etməsini bağışlayır. Həqiqətən də, Allah – Bağışlayandır, Mərhəmətlidir. Mərhəmət və Bağışlama kimi, bu iki sifəti, Uca Allahın daimi sifətləridir. Allahın bu sifətlərinin təzahürü, Onun bütün məxluqları tərəfindən bilavasitə hiss olunur. Rəbb qullarına gecə-gündüz nemətlər nazil edir. O (Pak və Müqəddəs), onlara Öz mərhəməti ilə gizli və aşkar himayə edir. Onun üçün nemətləri bağışlamaq, onları Özündə saxlamaqdan olduqca xoşdur. Onun mərhəməti Onun ədalətli qəzəbini üstələmişdir. Lakin bu mərhəmətə layiq olmaqdan ötrü insan tövbə edib özünü islah etməyə çalışmalıdır və əgər o bunu etməsə, özü öz qarşısındakı mərhəmət və bağışlanma qapılarını bağlamış olur.
Uca Allahın mərhəmətini qazanmağın ən etibarlı və ən şərəfli yolu – Onun qarşısında səmimi tövbə etmək, bağışlanma haqqında dua ilə Ona müraciət etmək, itaət, mütilik və minnət etmədən Ona ibadət etməkdir. Həqiqətən, Onun mərhəmətinə və bağışlamasına nail olmaq üçün bundan daha etibarlı bir yol yoxdur".
Həmçinin oxuyun:
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Qul haqqı barədə
Allah rəhmətinin genişliyi haqqında yaza bilərsinizmi?