Küsmək barəsində
Və aleykum Salam. Üç gündən artıq küsülü qalıb bir-birindən salamı kəsmək qadağan edilmişdir. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: "Bir müsəlmanın müsəlman qardaşı ilə üç gündən çox küsülü qalması halal deyil. Üç gün tamam olanda gedib salam verməlidir. Digəri salamı alsa, ikisi də savabda ortaq olar, almasa günaha batar. Salam verən isə küsülülükdən çıxmış sayılar". (Muslim, 2560). Küsülülərdən ilk addımı atıb barışan kəs daha xeyirli sayılır. Peyğəmbər (Allahın ona vəailəsinə salavatı və salamı olsun) demişdir: "Bir müsəlmanın başqa bir müsəlmanla küsülü qalması halal deyil. Onlar bir-biri ilə qarşılaşanda üzlərini yana çevirərlər. Onların ən xeyirlisi birinci salam verib barışandır". (əl-Buxari "Ədəbul-Mufrad", 57).
"Kim bir din qardaşını bir il tərk edib, küsülü qalarsa, onun qanını tökmüş kimi günaha batar". (əl-Buxari "Ədəbul Mufrad", 404).
Uca Allah təqvalı (Allahdan qorxan) möminlərin vəsf edərkən belə buyurur: "Qəzəblərini udar, insanların günahlarından keçərlər". (Ali İmran, 134).
"Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin". (əl-Hucurat, 10).
"Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar". (Fussislət, 34).
"Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir". (əş-Şura, 40).
Həmçinin oxuyun: Qəlb qırmaq barədə