Qadın hansı hallarda ərindən boşana bilər?
Sual:
Esselamun aleykum Qadin hansi hallarda erinden ayrila biler?
Cavab:
Və aleykum Salam. Qadın yalnız ciddi səbəblər olduğu təqdirdə ərindən boşanma tələb edə bilər. Ciddi səbəb olmadan qadının ərindən boşanma tələb etməsi isə böyük günahdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Hər hansı qadın, ciddi səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672). Digər bir hədisdə isə belə nəql olunmuşdur: "Səbəbsiz olaraq xulu (boşanma tələb) edən qadınlar münafiqlərdir". (ət-Tirmizi, 1198). Qadının ərindən boşanmasını icazəli edən bir çox ciddi səbəblər var. Onlardan bəziləri aşağıdakılardır:
1) Əgər kişi ailəsini maddi cəhətdən təmin etməkdən imtina edərsə;
2) Arvadını səbəbsiz yerə döyməklə, söyməklə ona əziyyət və zərər verərsə;
3) Ailəsini uzun müddət tərk edib gedərsə və ailəsi ilə maraqlanmazsa;
4) Ər spirtli içkiyə qurşanaraq tüfeyli həyat sürərsə və ya digər böyük günahlardan (zina, qumar, qətl və s.) birinə qurşanarsa;
Şəriətə görə ər-arvad arasında baş verən münaqişələr həm ər, həm də arvad tərəfdən müəyyən olunmuş hakimlər vasitəsilə həll olunur və baş verən münaqişənin ayrılmaq üçün səbəb olub-olmamasına məhz onlar qərar verirlər. Uca Allah buyurur: "Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdardır". (ən-Nisa, 35). İbn Kəsir bu ayənin təfsirində deyir: "Fiqh alimləri demişlər: "Ər-arvadın arasında ixtilaf düşdükdə hakim onların hər ikisinin vəziyyətlərini görüb müşahidə etməsi və haqsızlıq edənin haqsızlığına mane olması üçün etibarlı bir şəxsin yanında məskunlaşdırır. Əgər münasibətləri gərginləşərsə və mübahisələri uzanarsa, o zaman hakim həm qadının ailəsindən, həm də kişinin ailəsindən etibarlı bir adam göndərir. Bu iki etibarlı şəxs bir araya gələrək ər-arvadın halını müzakirə etdikdən sonra hər ikisi üçün faydalı olan qərarı verərlər, ya onları ayırarlar, ya da barışdırarlar. Lakin Uca Allah bu vəziyyətdə barışmağı daha uyğun hesab edərək "Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar" buyurur". Həmçinin oxuyun: