Şəriətlə evlənməsi qadağan olan qadınlar hansılardır?

    30.04.2021
Kimdən: 
Qasım
Sual: 
Salam. İslamda emi arvadı, dayı arvadı, ögey bacı, emi qardaşı oğlunun arvadıle, dayı bacıoğlunun arvadıle, ögey xala, ögey bibiyle evlenmek olar ?
Cavab: 

Aleykum salam. Sualda qeyd etdiklərinizdən atabir və ya anabir ögey bacı, xala və bibi (ögey olsalar belə) məhrəm sayılır. Bu qadınlarla evlənmək haramdır. Yerdə qalan qadınlar isə (əmi arvadı, dayı arvadı, qardaşoğlunun arvadı, bacıoğlunun arvadı) məhrəm sayılmır. Boşandıqları təqdirdə bu qadınlarla evlənmək olar. 
Ümumiyyətlə Uca Allah evlənməsi qadağan olan qadınları ən-Nisa surəsinin 22-24-cü ayələrində bildirmişdir: "Olub-keçənlər istisna ol­­maq­la bun­dan sonra atalarını­zın ev­lənmiş ol­du­ğu qa­dın­lar­la evlən­məyin. Çünki bu, iyrənc və qə­zəb doğuran bir əməl, həm də pis bir yoldur. Sizə analarınız, qız­ları­nız, ba­cıla­rı­nız, bibiləriniz, xa­la­la­rı­nız, qardaş qız­ları, bacı qız­ları, sizi əmizdirən süd ana­ları­nız, süd ba­cılarınız, arvad­ları­nızın ana­la­rı, yaxınlıq etdi­yiniz qadınlarınız­dan olan hima­yə­niz­dəki ögey qız­larınız, – yox əgər o qadın­larla ya­xın­lıq et­məmiş­si­niz­sə, onda onlarla ev­lən­məyi­niz sizə gü­nah de­yil­dir, – öz beli­niz­dən gə­lən oğul­la­rını­zın arvadları ilə ev­lən­mək və iki bacını birlikdə al­maq ha­ram edildi. Olub-ke­çən­lər isə artıq keç­mişdir. Həqi­qə­tən, Allah ba­ğışlayan­dır, rəhm­lidir. Sahib olduğunuz cariyə­lər istis­na olmaqla, evli qadın­ları al­maq da sizə haram edildi. Allahın sizə buyurduğu hök­mü belə­dir. Bun­lar­dan baş­qası ilə, nikah bağlamaqla, zina­kar­lı­ğa yol ver­mə­dən, malları­nızı sərf edərək (mehrlərini verərək) ev­lənməyiniz si­zə ha­­lal edildi. Evləndiyiniz qadın­lar­dan zövq al­dığınıza görə, on­lara, vacib bu­yu­rul­muş mehr­lə­ri­ni verin. Bu mehr müəy­yən edil­dik­dən sonra öz aranızda ra­zı­laş­dı­ğı­­nız şe­yə görə si­zə heç bir gü­nah olmaz. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir". (ən-Nisa, 22-24).
Uca Allah bu ayələrdə evlənməsi haram olan (məhrəm) qadınları qeyd etmişdir. Biz bu ayələrə diqqətlə fikir versək görərik ki, burada haramlıq iki qismdir:

  1. Əbədi haramlıq: Bu o deməkdir ki, qadın heç vaxt həmin kişiyə ərə gedə bilməz.
  2. Müvəqqəti haramlıq: Bu isə o deməkdir ki, qadın hal-hazırda mövcud olan müəyyən səbəblərə görə həmin kişiyə ərə gedə bilməz. Əgər mövcud səbəblər aradan qalxarsa, onların evlənmələri halal sayılar. 

Əbədi haramlığın səbəbləri bunlardır: Nəsəb, kürəkənlik və süd əlaqəsi.

Birinci: Nəsəb səbəbi ilə evlənməsi haram olanlar:

Analar, qızlar, bacılar, bibilər, xalalar, qardaş və bacı qızları.

İkinci: Kürəkənlik səbəbi ilə evlənməsi haram olanlar:

  1. Arvadın anası (qayınana): Burada evləndiyi qadınla yaxınlıq edib-etməmək şərt deyil. Sadəcə olaraq həmin qadının qızı ilə nikah bağlayarsa, artıq onun ansı ilə evlənmək haram olur.
  2. Cinsi əlaqədə olduğu qadının qızı: Əgər qadınla nikah bağlayıb ona cinsi yaxınlıq etməzsə, qızı ilə evlənmək ona halal olar. Uca Allah buyurur: "...Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir..."
  3. Oğulun arvadı (gəlin): Belə halda sadəcə nikah bağlamaqla haram sayılır.
  4. Atanın arvadı: Atanın nikah bağladığı qadınla oğulun evlənməsi haramdır.

Üçüncü: Süd əlaqəsi ilə evlənməsi haram olanlar:

Uca Allah buyurur: "...süd analarınız, süd bacılarınız... ilə evlənmək haram edildi".
Həmçinin Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Övladlıqla haram olunan, süd əlaqəsi ilə də haramdır". (əl-Buxari, 5099; Muslim, 1444).
Buna əsasən süd anası doğma ana kimidir. Oğlan uşağına ana tərəfdən nəsəb səbəbi ilə haram olanlar, süd əlaqəsi səbəbi ilə də haramdır. Beləliklə, süd əmən oğlan uşağı bu qrup qadınlarla evlənə bilməz:

  1. Süd anası.
  2. Süd anasının anası.
  3. Süd anasının qayınanası.
  4. Süd anasının bacısı.
  5. Süd anasının ərinin bacısı (baldız).
  6. Süd anasının oğul və qız nəvələri.
  7. Süd bacısı.

Yuxarıda qeyd olunanlardan başqa qadınlarla evlənmək halaldır.

Müvəqqəti haramlığın səbəbləri isə bunlardır: Evli qadın, iki bacı ilə eyni vaxtda evlənmək, evli olduğun qadının xalasını və ya bibisini qadını boşamadan almaq. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: