Qızıl və ipəyin kişilərə haram olmasının hikməti nədir?
Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir çox hədislərdə ipək paltarın və qızılın kişilərə haram olmasını bildirmişdir. Bu hədislərdən bəzilərini qeyd edək:
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qızıl və ipək ümmətimin kişilərinə haram, qadınlarına halaldır". (əl-Buxari, 30; Əbu Davud, 3).
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət etmişdir ki, "Bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) ipəyi sağ əlinə, qızılı da sol əlinə alaraq buyurdu: "Bu ikisi ümmətimin kişilərinə haramdır". (İbn Məcəh: "Libas", 19).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yalnız Allahın əmri ilə nəyisə haram edib və ya buyurmuşdur. Uca Allah buyurur: "Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək, öz ixtiyarları ilə ayrı cür hərəkət etmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır!" (əl-Əhzəb, 36).
İpəyin dünyada kişilərə haram olmasının səbəbinə və hikmətinə gəlincə, İbn Qeyyim (Allah ona rəhmət etsin) bu barədə belə demişdir: "İpək geyinmək qızıl kimi qadınlara xas olan bir xislətdir. İpək geyinməkdə qadınlara bənzərlik olduğu üçün Uca Allah onu kişilərə qadağan etmişdir. Bəzi alimlər ipəyin insanda fəxr və təkəbbürlük hissi yaratdığı üçün, bəzi alimlər isə ipəyin kişidə qadın hissləri oyatdığı üçün qadağan olduğunu bildirmişlər. Şəkk yoxdur ki, ipək geyinmək kişidə mülayimlik yaradır. Hətta ən sərt kişi belə ipək geyindikdə onda yumşaqlıq yaranır" (Zədul-Miad, 8/40). Ən doğrusunu isə Allah bilir.