Pirə getmək haramdırsa, nə üçün Kəbəni təvaf edirlər və Qara daşı öpürlər?

    12.11.2021
Sual: 
salam, deyirsiz pirə getmək haramdır. Bəs nə üçün Kəbənin ətrafına pirdəki kimi fırlanırlar, ordakı qara daşı öpürlər?
Cavab: 

Va aleykum salam. Kəbəni ziyarət edib təvaf etmək Uca Allahın bizə əmr etdiyi bir ibadətdir. Uca Allah bu xüsusda buyurur: "Sonra həcc əməllərini yerinə yetirsinlər , nəzirlərini versinlər və  qədim evi (Kəbəni) təvaf etsinlər!" (əl-Həcc, 29). Həmçinin buyurur: "Bir zaman Biz müqəddəs Evi (Kəbəni) insan­lar üçün zi­yarətgah və əmin-aman­­ bir ye­r etdik. “İb­ra­himin durduğu yeri na­mazgah edin!” Biz İb­ra­hi­mə və İs­mailə buyurduq: “Evi­mi təvaf edən­lər, eti­kafa gi­rən­lər, rüku və səc­də edən­lər üçün təmizləyin!" (əl-Bəqərə, 125). Uca Allah Kəbədən başqa hər hansı bir yeri, ağacı, daşı və ya qəbri təvaf etməyi buyurmamışdır. Uca Allahın və Onun Peyğəmbərinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmadığı bir ibadəti etmək isə bidət sayılır və bu əməl Allah dərgahında məqbul sayılmır. Əgər qəbri təvaf edən şəxs bu əməli qəbir sahibi üçün edirsə, bu əməl artıq şirk sayılır. Çünki o, Allaha aid olan bir ibadəti Allahdan başqası üçün etmişdir. Şirk və bidət barədə ətraflı oxuyun:

Kəbədə olan Qara daşı öpmək də belədir. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə Qara daşı Allaha ibadət məqsədilə öpməyi buyurmuş və bu əməlin günahlara kəffarə olduğunu bildirmişdir. Qara daş nə bir fayda, nə də bir zərər verə bilmir. Hətta Qara daşı ondan fayda ummaq niyyəti ilə öpmək şirk sayılır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Bu daş (Qara daş) Qiyamət günü görən gözləri və danışan dili olduğu halda mütləq gələcək və ona haqqı ilə (ibadət məqsədi ilə) toxunan (və ya öpən) hər bir kəsə şahidlik edəcək" (İbn Məcə, 2944, 3057). Ömər (Allah ondan razı olsun) Qara daşı öpərkən belə demişdir: "Mən bilirəm ki, sən bir daşsan. Nə bir faydan, nə də bir zərərin var. Allaha and olsun ki, əgər mən Peyğəmbəri sənə əl vurub öpərkən görməsəydim, səni heç vaxt öpməzdim". (əl-Buxari "Həcc", 50, 57, 60). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həmçinin demişdir: "Qara daşa və “Ruknul-Yəmən”ə ehtiramla toxunmaq günahları silir" (ət-Tabərani “Mucəmul-Kəbir” 13438; İbn Hibban 3690). 
Gördüyümüz kimi Kəbəni təvaf etmək və oradakı Qara daşı öpmək Uca Allahın və Onun Peyğəmbərinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə əmridir və bu Allaha ibadət məqsədi daşıyır. Pirlər, ocaqlar və digər ziyarətgahlar isə insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Ətraflı oxuyun:
Paylaş: