Borc verərkən onu yazmaq və şahid tutmaq vacibdirmi?

    17.01.2022
Kimdən: 
Anonim
Sual: 
1.Bir adam məndən borc istəyir vermək istəmirəm.Ona imkanım yoxdur desəm günahdır?Əlhəmdulillah imkanım normaldır amma ona borc vermək istəmirəm.bu halda nə edə bilərəm?Həmin adamla qohumluq əlaqəm var birbaşa vermək istəmirəm demək istəmirəm imkanım yoxdur desəm olar yoxsa yalan danışmış oluram günah sayılar? 2.Nisyə mal almaq və yaxud mal satmaq olar? 3.Allah Quranda borc verəndə yazmağı və şahidlər tutmağı əmr edir.İndiki zamanda kimsə borc istəyəndə bunu necə etmək olar?Bəziləri mənə etibar etmirsən deyir,küsür məndən.Borc verəndə necə etmək olar ki borc olan borcunu qaytarsın? 4.Bəzi hallarda yox deyə bilmirəm yalan danışıram günahdır bu?
Cavab: 

Əssələmu aleykum.

1) Ümumiyyətlə bir müsəlmana yardım etmək və ona borc vermək savab əməldir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim bir müsəlmanı dünya sıxıntılarının birindən xilas edərsə, Allah da onu qiyamət gününün bir sıxıntısından xilas edər. Kim borc içində batan insana rahatlıq verərsə onun üçün dünyada və axirətdə rahatlıq olar. Bəndə öz qardaşının köməyində olduqca, Allah da onun köməyi olar" (Muslim, 2699; Tirmizi, 4015). Həmçinin buyurur: "Bir kişi Cənnətə daxil olur və onun qapısının üzərində belə bir yazı gö­rür: “Sədəqənin (mükafatı) on, borc verməyin (mükafatı) isə on səkkiz mis­lində verilir” (ət-Tabərani “Mucəmul-Kəbir” 7976; əl-Beyhəqi “Şuabul-İman” 3564). Həmçinin borcu qaytarmaqda çətinlik çəkən şəxsə möhlət vermək də böyük savabdır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim borcu qaytarmaqda çətinlik çəkənə möhlət verərsə və ya borcunu keçərsə, Qiyamət günü heç bir kölgənin olmadığı gündə Allah onu Ərşinin kölgəsində kölgələndirər” (ət-Tirmizi, 1306, 1354). Əgər borc istəyən şəxs qohumdursa, bu halda siz ona borc verməklə ikiqat savab qazanmış olarsız; qohumluq əlaqəsini yaxşılaşdırdığınıza görə və borc verdiyinizə görə. Odur ki, əgər borc vermək sizi sıxıntıya salmayacaqsa, bu halda borc verməyiniz daha yaxşıdır. Lakin əgər borc istəyən insan etibarlı şəxs deyilsə və borcu səbəbsiz olaraq gecikdirəcəksə, və ya borc verməklə özünüzü çətinliyə salmış olarsınızsa, bu halda yalan danışmamaq şərti ilə borc verməkdən imtina edə bilərsiniz. Həmçinin oxuyun: İslam fiqhi: BORC


2) Qızıl və gümüş istisna olmaqla digər malları nisyə almaq, həmçinin satmaq icazəlidir. Ətraflı oxuyun:
3) Uca Allah Quranda (əl-Bəqərə surəsi, 282-283-cü ayələr) borc verərkən borcu yazmağı, ona şahid tutmağı və girov götürməyi əmr edir. Lakin bu əmr vacib mənasında deyil, tövsiyə xarakteri daşıyır. Yəni borc verərkən borcu ya yazmaqla, ya şahid tutmaqla, ya da müqabilində girov götürməklə borcu təsdiq etmək müstəhəbdir. Lakin əgər borc verən qarşı tərəfə etibar edib bunu etməsə, günah qazanmış olmur. Odur ki Uca Allah əl-Bəqərə surəsinin 283-cü ayəsində belə buyurur: "Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun". əş-Şabi (Allah ona rəhmət etsin) demişdir: "Yəni əgər tərəflərdən biri digərinə etibar edərsə, bu zaman borcu yazmamaqda və şahid tutmamaqda bir qəbahət yoxdur". (İbn Əbu Hatim, 3042). 

4) Yalan danışmaq böyük günah sayılır. Ətraflı oxuyun: Yalan danışmaqdan çəkinin!
Teqlər: 
Paylaş: