ən-Nisa surəsi 43-cü ayənin açıqlaması nədir?
Va aleykum salam.
Uca Allah "ən-Nisa" surəsinin 43-cü ayəsində buyurur: "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, eləcə də, cunub olduğunuz halda, – yolüstü keçən istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmişsinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır".
Əvvəla bunu qeyd edək ki, ayədə "namaza yaxınlaşmayın" dedikdə, həm namaz qılmaq, həm də namaz qılınan yerə, yəni məscidlər nəzərdə tutulur. Belə ki, qüslü olmayan insan məscidə girə bilməz, yalnız yolüstü məsciddən keçən istisnadır. İbn Kəsir bu ayənin təfsirində demişdir: "İbn Abbas (Allah onlardan razı olsun) bu ayə barədə belə demişdir: "Yəni qüslsuz (cunub) olduğunuz halda məscidə daxil olmayın. Yalnız yolüstü, məsciddə oturmadan gəlib-keçən istisnadır" (əs-Suyuti "əd-Durrul-Mənsur" 4/454). İbn Cərir rəvayət etmişdir ki, Yəzid ibn Əbu Həbib Uca Allahın "yolüstü keçən istisna olmaqla" ayəsi barədə belə demişdir: "Ənsarlardan bəzilərinin qapısı məscidə açılırdı. Bəzən cunub olurdular və evlərində su olmurdu. Su gətirmək üçün isə məsciddən keçməkdən başqa çarə qalmırdı. Bu səbəbdən Uca Allah "cunub olduğunuz halda, – yolüstü keçən istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın" ayəsini nazil etdi" (ət-Tabəri, 9567, 9622)".
Uca Allahın: "və ya qadınlarla yaxınlıq etmişsinizsə" sözünə gəlincə isə, burada zövcələr nəzərdə tutulur. Yəni əgər sizlərdən biri zövcəsi ilə yaxınlıq edib qüsl etməyə su tapmayıbsa, təyəmmüm edə bilər. İbn Abbas Uca Allahın "və ya qadınlarla yaxınlıq etmişsinizsə" ayəsini cinsi əlaqə kimi təfsir etmişdir. (İbn Əbu Hatim, 5367). Eyni təfsir Əli, Ubey ibn Kəb, əş-Şabi, Qatədə və başqalarından da rəvayət edilmişdir. Həmçinin oxuyun: Təyəmmüm ayəsi - ən-Nisa surəsi 43 - cü ayə